Almaniya dron insidentinə görə Berlindəki "Rus evi"ni bağlamağa hazırlaşır

DÜNYA
17:34 / 21.08.2026
58

Almaniya hökuməti Berlindəki "Rus evi" mədəniyyət mərkəzinin mümkün bağlanmasını müzakirə edir. 

HİT.az "Spiegel"ə istinadən xəbər verir ki, müzakirələr Leypsiq hava limanında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatının aşkarlanmasından sonra intensivləşib. Almaniya hakimiyyəti həmin dronun buraxılmasında Rusiyadan şübhələnir.

"Rus evi"nin fəaliyyəti iki sazişlə tənzimlənir: daşınmaz əmlakdan istifadə və mədəni-informasiya mərkəzlərinin fəaliyyəti barədə sazişlər. Almaniya ikinci sənədin ləğvi təşəbbüsünü hər beş ildən bir birtərəfli qaydada irəli sürə bilər. Bunun üçün növbəti mümkün tarix 7 iyun 2027-ci ildir.

Mövcud razılaşmalar Moskva və Sankt-Peterburqdakı Höte İnstitutunun filiallarının fəaliyyətini də tənzimləyir. Almaniyadakı Rusiya səfiri daha əvvəl "Rus evi"nin bağlanmasının Almaniya mərkəzlərinin də bağlanmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

"Spiegel" yazır ki, Almaniyada əvvəllər Rusiyanın cavab tədbirlərindən ehtiyat edirdilər. Lakin hazırda ölkə hakimiyyəti sazişlərin ləğvinə daha qətiyyətlə yanaşır.

"Rusiyanın hibrid fəaliyyətinin güclənməsi fonunda federal hökumət Rusiya hökuməti ilə sazişin beynəlxalq hüquqi əsasını hərtərəfli və davamlı şəkildə nəzərdən keçirir", – Almaniya Xarici İşlər Nazirliyindən "Spiegel"ə bildirilib.

Friedrixştasse küçəsində yerləşən "Rus evi"ndə dil və mədəniyyət tədbirləri keçirilir. Mərkəz "Rossotrudniçestvo"nun tabeliyindədir. Rusiyanın federal agentliyi 2022-ci ildən Avropa İttifaqının sanksiyaları altındadır.

Samir
 

0