Ağcabədi rayonunun Şənlik kəndində qəbiristanlıqda qəbir qazılarkən yerdən su çıxması narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayımlanıb.
Bildirilib ki, qəbiristanlığın yaxınlığından keçən kanal yeraltı sulara təsir edir və nəticədə qazılan qəbirlərə su dolur. Sakinlər problemin qarşısının alınması üçün kanalda müvafiq işlərin aparılmasını tələb edirlər.
"İkinci dəfədir ki, qəbir qazırıq, yerdən su çıxır. Kənarda kanal var. O kanal - drenaj qazılmalıdır ki, qəbiristanlığa su sızmasın", - deyə sakin bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon İcra Hakimiyyətindən fakt təsdiqlənib.
Bildirilib ki, məlumat daxil olan kimi İcra Hakimiyyəti tərəfindən məsələyə dərhal reaksiya verilib və sözügedən əraziyə texnika göndərilib:
"Şənlik kəndi Kür çayına yaxın ərazidə yerləşir. Yay mövsümündə Kür çayının daşması nəticəsində qrunt sularının səviyyəsi müəyyən qədər yüksəlib. Bu səbəbdən qəbiristanlıqda qazıntı işləri aparılarkən qrunt suları yerin səthinə yaxın olduğundan qəbir yerlərindən su çıxıb. Hazırda ərazidə drenaj şəbəkəsinin təmizlənməsi işləri aparılır. Müvafiq texnikanın işləməsi üçün ərazi hazırlanır. Drenaj şəbəkəsi qazıldıqdan sonra qrunt suları həmin şəbəkə vasitəsilə çəkiləcək və problem aradan qaldırılacaq".





