Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə yeni direktor təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun müvafiq əmri ilə bu vəzifəyə Vahid Qadaşov Yusif oğlu təyin olunub.
Vahid Qadaşov uzun illər Qax rayonunda meşəbəyi, baş meşəbəyi, daha sonra isə 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində 2025-2026-cı illərdə həmin mərkəzin direktoru vəzifəsində çalışmış Fizuli Məmmədov və meşəbəyi Vidadi Əsgərov barəsində cinayət işi başlanıb.
İstintaq materiallarına əsasən, Fizuli Məmmədovun Vidadi Əsgərovla qabaqcadan əlbir olaraq meşə ərazisində torpaq sahələrinin icarəyə verilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət kimi almalarına dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.
Məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.


