İran sərhəddə nə etməyə çalışır: Bakıya gözdağı, İrəvana dəstək...

SİYASƏT
16:34 / 20.10.2022
1440
Xəbər verdiyimiz kimi, oktyabrın 17-19 arası İran Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında "Qüdrətli İran” adlı hərbi təlimlər keçirib. Rəsmi açıqlamada təlimin illik plana uyğun olaraq keçirildiyi bildirilsə də, hərbi güc nümayişinin İran hakimiyyətinin "sərhədlərin dəyişməzliyi” ilə bağlı son bəyanatları, Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsi fonunda təşkil olunması bunun məqsədyönlü olduğunu deməyə əsas verir. 
 
Qeyd edək ki, Qarabağdakı müharibədən sonra İran Azərbaycanla sərhəddə 3 hərbi təlim keçirib. Bu dəfəki təlim əvvəlkilərdən fərqli olaraq bütün sərhədi əhatə edir. Qüvvə və vasitələrin həcmi, eləcə də təlimin əhatə etdiyi coğrafiya bu dəfə daha genişdir. Təlim zamanı İran hərbçiləri Araz çayı üzərindən texnika və canlı qüvvənin sürətlə köçürülməsi üçün istifadə edilən üzən körpülərin qurulması bacarıqlarını məşq ediblər. İranın "Tasnim” xəbər agentliyi yazır ki, 60 tona yaxın yük qaldıra bilən 227 metrlik körpülərin qurulması üçün cəmi yarım saat vaxt lazımdır. 
 
 
Bununla İran rejimi mesaj verir ki, SEPAH hərbçiləri yarım saat ərzində çay üzərində körpü quraraq öz tank və zirehli texnikaları ilə çayı keçə bilər. Təlimlərə cəmi 1 il əvvəl istifadəyə verilən "Fəth-360” raket sistemləri də cəlb olunub. 120 kilometr mənzilli raketlər qayaları parçalayan döyüş başlıqları ilə təchiz edilib və dəqiq zərbə endirmək üçün müxtəlif istiqamətləndirmə sistemlərinə malikdir. Təlimlərdə pilotsuz uçuş aparatları (PUA), helikopterlədən, zirehli texnikalardan da istifadə edilib. 
 
SEPAH-a bağlı xəbər agentliklərində hərbi təlimlə bağlı məlumatların izahedici hissəsində İranın Azərbaycana qarşı "xəbərdarlıq”ları önə çəkilir. SEPAH-ın rəsmi "Twitter” səhifəsində təlimlərlə bağlı Xudafərin körpüsünün də əks olunduğu video yayımlayıb. Bunun Xüdafərinin erməni işğalından azad olması tarixində tirajlanması da sözsüz ki, Bakıya ünvanlanmış mesajdır.  
 
SEPAH-ın komandanı Hüseyn Salami təlimlərin açılış mərasimində bildirib ki, ölkəsinin "qırmızı xətti"nin keçiləcəyi təqdirdə tərəfsiz qalmayacağını bəyan edib: "Bizim qırmızı xəttimiz odur ki, sərhədlərdə heç nə dəyişilməsin, bölgənin bir küncündə hər hansı dəyişiklik olsa, tərəfsiz qalmayacağıq”. 
 
 
Bu açıqlamalar onu göstərir ki, İranın keçirdiyi bu təlimlər heç də əvvəlcədən planlaşdırılan təlimlər deyil, birbaşa Azərbaycana qarşı yönələn təlimlərdir. Bu təlimlərin İsrail və Türkiyə müdafiə nazirlərinin regiona səfərindən sonra, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana bu gün baş tutan səfərindən əvvəl keçirilməsi xüsusilə diqqət çəkir. Görünən odur ki, İran regiondakı geosiyasi vəziyyətin dəyişməsilə barışmaq istəmir. Bu əsasda da güc göstərir. 
 
Yaranmış vəziyyət İranın regionda birbaşa hərbi müdaxiləyə keçə biləcəyini də ehtimal etməyə əsas verir. Amma onun təkbaşına buna gedəcəyi də inandırıcı deyil. Belə ki, İranın özbaşına bunu etməsi mümkünsüzdür. Bunun üçün ən azından Rusiya və Qərbin, yəni ABŞ-ın razılığı olmalıdır. Bunlar olmadan İranın istər Ermənistan, istərsə də Azərbaycan ərazisinə istənilən müdaxiləsi onun özünə başa başa gələcək. Bunu Tehranda da gözəl bilirlər. Bu halda görünən odur ki, İranın son hərbi təlimlərinə hansısa xarici qüvvə "yaşıl işıq” yandırıb. Ola bilsin ki, Moskva İranı buna təhrik etməklə bölgədə təsir dairəsi uğrunda mübarizədə Qərbin diqqətinin Tehrana yönəldilməsilə onu neytrallaşdırmağı qarşısına məqsəd qoyub. Ya da Qərb özü İranı belə hərəkətlərə qıcıqlandırmaqla Rusiyanın Zəngəzur dəhlizində dominant olmaq istəyini buxovlamaq istəyir. Tehranda da ola bilsin düşünürlər ki, Rusiyanın mövqeyinin zəifləməsi fonunda molla rejiminin Qafqazda əl-qol açması üçün əlverişli fürsət yaranıb. Amma İran unutmamalıdır ki, Azərbaycan bölgədə tək deyil. Bakının Ankara ilə hərbi müttəfiqliyi fonunda İranın bu sayaq demarşı onun özünə ziyan vuracaq. 
 
 
Qaynarinfo-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, İran bu təlimləri keçirməklə Ermənistana dəstək ifadə etdiyini göstərmiş olur: 
 
"Ermənistanla İran bir düsturla yaşayır. Bu mənada İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər Ermənistana dəstək ifadə etmək, onunla bir olduğunu nümayiş etdirməyə və Zəngilan bölgəsində Bakının böyük layihələr həyata keçirməsinə qarşı çıxdığını göstərməyə hesablanmış addımdır. Ermənistanla bir olan İran ona görə də bu formada Azərbaycanın atdığı addımlara etirazını bildirir. Amma unudur ki, bu etirazlar mənasızdır”. 
0