Alimlər fillərin özlərini idarə edə bilib-bilmədiyini yoxladı: Nəticə təəccübləndirdi

DÜNYA
19:58 / 11.09.2026
40

Asiya filləri tapşırıqları daha effektiv həll etmək üçün impulsiv reaksiyalarını cilovlamaq qabiliyyətinə malikdir. Tədqiqatçılar bununla fillərin belə bacarığa sahib olan nisbətən azsaylı heyvan qruplarından birinə daxil olduğunu müəyyənləşdiriblər.

HİT.az xəbər verir ki, “Gecikdirici nəzarət” adlandırılan və daha səmərəli davranış naminə impulsun qarşısını almaq bacarığı insanlarda qərar qəbuletmənin mühüm komponentlərindən biridir. Bu qabiliyyət bəzi quş və məməli növlərində də müşahidə olunur.

Tayland Milli Fillər İnstitutunda aparılan eksperiment Asiya fillərinin də bu nəzarət qabiliyyətinə malik olduğunu göstərib.

“Tədqiqat iştirakçıları impulsiv davranışlarını cilovlamalı olduqları vəziyyətə düşdükdə, ümumilikdə bunu bacardılar”, – deyə alimlər bildiriblər.

Onların sözlərinə görə, bu qabiliyyət fillərin sosial qarşılıqlı əlaqələrində, eləcə də problemləri həll etmək bacarığı da daxil olmaqla digər koqnitiv xüsusiyyətlərində mühüm rol oynaya bilər.

Tədqiqata 16 fil cəlb olunub. Əvvəlcə heyvanlara xortumlarını qutunun ətrafından keçirərək yalnız bir dəlik vasitəsilə qida götürmək öyrədilib. Daha sonra onların qarşısına ön hissəsində kiçik dəliklər olan şəffaf qutu qoyulub. Fillər həmin dəliklərdən içəridəki qidanı görə və qoxusunu hiss edə biliblər.

Lakin heyvanlar qidanı birbaşa ön dəliklərdən götürmək istəyinə davamlı şəkildə müqavimət göstəriblər. Bunun əvəzinə tədqiqatçıların müəyyən etdiyi kimi, qutuya yan tərəfdəki dəlikdən daxil olaraq qidaya çatmağa çalışıblar.

Qutunun yeri dəyişdirildikdə fillər əvvəlcə impulslarına tabe olaraq qidanı əvvəllər dəliyin olduğu yerdən götürməyə cəhd ediblər. Lakin qısa müddət ərzində davranışlarını dəyişərək qidaya çatmağın yeni və daha effektiv yolunu tapıblar.

Bununla belə, yaşlı fillər dəyişikliyə daha yavaş uyğunlaşıblar. Tədqiqatçılar bunun yaşla əlaqədar koqnitiv funksiyaların zəifləməsi ilə bağlı ola biləcəyini ehtimal edirlər.

“Bu tədqiqat bu növdə gecikdirici nəzarətin mövcudluğuna dair ilk sübutlardan biridir”, – deyə alimlər yazıblar. Bununla yanaşı, onlar nəticələri təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

Eksperiment fillərin impulsiv, lakin səmərəsiz hərəkətdən imtina edərək, dolayı yolla olsa da, nəticədə istədikləri məqsədə çatmağa imkan verən üsulu seçə bildiklərini nümayiş etdirib.

Tədqiqatçıların fikrincə, bu qabiliyyət fillərin problemləri həll etməsi və sosial qarşılıqlı əlaqələr qurması üçün vacib bacarıqlardan biri ola bilər. Bundan əlavə, əldə olunan nəticələr insanlarla fillər arasında münaqişələrin qarşısının alınması üçün daha effektiv strategiyaların hazırlanmasına kömək edə bilər.

“Fillərin müxtəlif növ maneələrlə necə qarşılıqlı əlaqədə olduğunu və gecikdirici nəzarətə əsaslanan nəzarətli eksperimentlər zamanı onların bu maneələrdən yan keçməyi necə öyrəndiyini başa düşmək, onların vəhşi təbiətdə insanlar tərəfindən yaradılmış maneələrdən necə qaçdıqlarını və ya onların ətrafından necə keçdiklərini anlamağımıza kömək edə bilər”, – deyə tədqiqatçılar bildiriblər.

Samir
 

0