Çirklənmiş hava orqanizmə ağciyərlərdən xeyli kənarda zərər vurur və bunun nəticələri onilliklər sonra üzə çıxa bilər.
HİT.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Minnesota Universitetinin və digər elmi mərkəzlərin mütəxəssisləri gəliblər. Araşdırmanın nəticələri “Frontiers in Public Health” jurnalında dərc olunub.
Müəlliflər vurğulayırlar ki, hər gün milyonlarla insan xırda hissəciklər, metallar, allergenlər, yanma məhsulları və uçucu üzvi birləşmələrdən ibarət qarışığı nəfəsə çəkir. Bu cür təsirlər dünyada qarşısı alına bilən xəstəlik və ölüm hallarının əsas, lakin ən az nəzərə çarpan amillərindən biri olaraq qalır.
Araşdırmalar göstərib ki, tənəffüs yolu ilə orqanizmə daxil olan toksinlər nadir hallarda yalnız tənəffüs yollarında qalır. Onlar iltihab prosesini başladır, maddələr mübadiləsinə, ürəyin, damarların və digər orqanların vəziyyətinə təsir göstərir. Məsələn, diametri 2,5 mikrometrədək olan hətta aşağı konsentrasiyalı PM2.5 hissəciklərinin ürək-damar xəstəlikləri ilə bağlı təcili tibbi yardıma müraciətlərin artması ilə əlaqəli olduğu müəyyən edilib.
Alimlərin diqqət mərkəzində ABŞ ordusunun veteranları da olub. Onlar döyüş bölgələrində tullantıların və zibillərin yandırıldığı “yanğın çalaları”ndan çıxan tüstünü, qum tozunu və partlayış məhsullarını nəfəsə alıblar.
Belə hərbçilərdə davamlı tənəffüs problemləri, ağciyər mikrobiomunda dəyişikliklər, həmçinin bronxiolit obliterans zamanı — kiçik tənəffüs yollarının daralması ilə müşayiət olunan xəstəlikdə — iltihab və toxumaların strukturunun yenidən qurulması aşkar edilib.
Mütəxəssislərin fikrincə, veteranlar, yanğınsöndürənlər, mədənçilər, xilasedicilər və tibb işçiləri “gözətçi” qruplar rolunu oynayırlar. Onlar zərərli amillərin nadir kombinasiyaları ilə ilk qarşılaşan insanlardır və bu qruplarda müşahidə olunan nəticələr bütün əhali üçün mövcud risklərə işarə edə bilər.
Tarix göstərir ki, bu cür xəstəlikləri müəyyənləşdirmək asan deyil. Vyetnam müharibəsinin iştirakçıları, “Agent Orange” defoliantından (pestisiddən) zərər çəkən şəxslər və Fars körfəzi müharibəsi veteranları xəstəliklərinin tanınması və tibbi yardım almaq üçün onilliklər boyu mübarizə aparmalı olublar.
Əldə olunan təcrübə meşə yanğınlarının tüstüsü, sənaye fəlakətləri və şəhər smogu kimi yeni təhlükələrə də tətbiq edilə bilər.
Tədqiqatçıların fikrincə, əhalini qorumaq üçün yalnız yeni təhlükəli maddələri axtarmaq kifayət deyil. İnsanların yaşadığı, işlədiyi və tibbi xidmət aldığı sistemləri də yenidən qurmaq lazımdır.
Zərərli təsirləri real vaxt rejimində izləməyə imkan verən daşınan sensorlar, ətraf mühitin monitorinq şəbəkələri və süni intellekt bu istiqamətdə kömək edə bilər.
Tədqiqata rəhbərlik edən alim Tammi Batterik vurğulayıb: “Görünməz təhlükələr görünən sistemlər tələb edir”.
Samir


