Ukraynanın Xortitsa adasında arxeoloqlar kromlex – insanların təxminən 5 min il əvvəl dini ayinlər üçün inşa etdiyi daş tikili aşkarlayıblar. Obyekt tarixi abidə statusu alacaq və qoruğun turist marşrutlarına daxil ediləcək.
HİT.az xəbər verir ki, bu barədə milli “Xortitsa” qoruğunun elmi əməkdaşı Anatoli Volkov “MTM Zaporojye”yə bildirib.
Mütəxəssislər qoruğun abidələrin mühafizəsi, tarix, arxeologiya və təbiət şöbəsinin əməkdaşları ilə birlikdə builki ekspedisiyaya iki həftə əvvəl başlayıblar. Bu müddət ərzində Dnepr çayının sahilindən 50 metr məsafədə dini məqsəd daşıyan daş konstruksiya aşkarlanıb.
Daşların böyük ölçülü və qeyri-adi dərəcədə yastı formada olduğu müəyyən edilib. Onların tapılması, emal olunması və bu əraziyə daşınması qədim inşaatçılardan böyük əmək tələb edib.
“Qədim dövrlərdə insanlar bu ərazilərdən istifadə edir, dini və kult məqsədləri üçün daş konstruksiyalar qururdular. Onlar burada müəyyən təqvim tarixlərini qeyd edir, bu məkanlardan dini ayinlər, məsələn, qurbanvermə və ya dəfn mərasimləri üçün istifadə edirdilər”, – Volkov bildirib.
Onun sözlərinə görə, aşkarlanan tikili daşların təsadüfi şəkildə yığılmasından ibarət deyil. Daşlar bir-birinə diqqətlə uyğunlaşdırılaraq vahid daş konstruksiya yaradılıb.
Ümumilikdə Xortitsa adasında bu tip 8 müqəddəs məkan artıq tam şəkildə tədqiq edilib.
Qoruğun məlumatına görə, adadakı daş konstruksiyalar, kromlexlər və müqəddəs məkanlar açıq səma altında yaradılmış qədim məbədlərin ilkin nümunələri hesab olunur.
Qədim insanlar bu məkanları Günəş kultu, həyatın yaranması və təbiətin təqvim dövrü ilə əlaqələndirirdilər.
Samir


