“Evimin kredit borcunu ödəyə bilmirəm, vəziyyətim çox pisdir...”-Əməkdar artist

MAQAZİN
15:45 / 11.05.2020
1869

“İnanırsınız evimin ipotekasını ödəyə bilmirəm, amma bunu heç vaxt açıqlamamışam. Bir neçə gün öncə yenə mükafatlar verildi, bunları edən isə Mədəniyyət Nazirliyidir”

Hit.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. Müğənni məişət şəraitinin çox çətin olduğunu bildirərək, Mədəniyyət Nazirliyinin biganəliyindən gileylənib:

“Düzdü, mən Hafiz Hacıyevin yanına gedib bir bacı kimi ondan kömək istəmişəm. Çünki, o, Azərbaycanda ən düzgün danışan dil, görən gözdür. Mən ona vəziyyətimi dedim. 1972-ci ildən sənət aləmindəyəm, xalqıma və dövlətimə xidmət etmişəm. İnsan üçün vacib olan odur ki, ədəb-ərkanı yerində, dövlətinə sadiq olsun. Uzun illər Rəşhid Behbudov adına Dövlət Mahnı Teatrında işləmişəm və dünyanı dolanmışıq. Hafiz müəllimlə görüşdə əsasən Cavanşir müəllim danışdı, mən utandım. İnanırsınız evimin ipotekasını ödəyə bilmirəm, amma bunu heç vaxt açıqlamamışam. Bir neçə gün öncə yenə mükafatlar verildi, bunları edən isə Mədəniyyət Nazirliyidir. Axı buna düzgün yanaşmaq lazımdır. Gedib araşdırıb görsünlər ki, Firuzə İbadova bu günə kimi nə edib. Sözünü ölkə başçısına çatdıran dəyərli bir şəxsiyyət olduğu üçün bir neçə ay öncə bütün bunları Hafiz müəllimə dedim. Sənətimin 35 ilində, 2006-cı ildə mənə Əməkdar artist fəxri adı verildi. Mənə Xalq artisti fəxri adı verməsinlər, eybi yox, onsuz da xalqım məni sevir. Heç olmasa mənim məişət şəraitimlə maraqlanın, ay mədəniyyət nazirim! Əsl müğənnilərin, xanəndələrin, ifaçıların dəyərini siz verməlisiniz.

Bir neçə dəfə prezidentimizə məktub yazdım, cavabı Mədəniyyət Nazirliyinə göndərdilər və nazirlik mənə bildirdi ki, biz araşdırırıq. Mənim əzizim, siz nəyi araşdırırsınız? Gedib insanlar arasında sorğu götürüb soruşun ki, Firuzə xanımı tanıyırsınızmı, o, fəxri ada, dövlət tərəfindən evlə təmin olunmağa layiqdirmi? Əgər insanlar desələr xeyr, onda mən gedib yerimdə oturaram. Mən ad-san üçün çalışmamışam. Yaşlı anam, 32 yaşlı oğlum mənimlə qalır. Oğlum işsizdir. Dünyamı dəyişsəm, balalarım necə dolanacaq?

Özümün də 65 yaşım var, artıq yaşım keçib bizi toylara aparmırlar. Mən pedaqoqam, uşaqlara dərs deyirəm. Bir sözlə, düzgün oyun getmir və Əbülfəs Qarayev də şahmatçıdır, bunu yaxşı oynayır. Məni qoy qara siyahıya atsınlar, eybi yox, heç kimdən qorxmuram. 1984-cü ildə Rəşid Behbudov adına Mahnı Teatrının vasitəsilə ərəb ölkələrinə üç aylıq qastrol səfərlərimiz oldu. Livan, Tunis, Əlcəzair, Mərakeş kimi şəhərlərdə olmuşam. Mərakeşdə Əbülfəz Qarayevin həyat yoldaşıyla görüşdük, əvvəl onu tanımadım, amma o, məni tanıdı. Sonradan bildim ki, o, Əbülfəs Qarayevin həyat yoldaşıdır, dörd ildir ki, burda yaşayırlar. Polad Bülbüloğluyla Əfqanıstana qastrola gedəndə pilləkəndən yıxıldım ayaqlarım, dizlərim qan içində oldu. Mən belə işləmişəm. Axı biz toya 5-10 minə getməmişik indi milyonlarımız olsun. Əməkdar artist kimi 100 manat təqaüd, yaşıma görə isə 230 manat pensiya alıram. 230 manat da anamın təqaüdüdür. Bəs mən bu pulla necə dolanım, oğlum? Evdə beşinci sinif şagirdi nəvəm var, 92 yaşlı anam, 32 yaşlı qızım mənim öhdəmdədir. Nə qədər susmalıyam. Bunları indiyə kimi heç vaxt mətbuata açıqlamamışam. Bu gün ehtiyacı olmayan sənət adamlarına ev verirlər. Amma mən 10 ildir kirayələrdə yaşayıram. Evimin hələ də 37 min kredit borcu qalıb. Evi ipotekaya götürdüm ki, toylarda oxuyub verərəm, amma indi artıq dayanmışam, pulu ödəyə bilmirəm. Dövlətimdən çox razıyam, istəyirəm ki, vəziyyətimi prezidentim bilsin. (Ağlayır) Səhhətimdə ciddi problemlərim var idi və ona görə qızıllarımı satıb müalicələrimə xərclədim. Vəziyyətim çox acınacaqlıdır. Hafiz müəllimin qəbulunda da danışıb ağladım, o, da kövrəldi. Niyə görə nazirlər, məmurlar kef-damaq içində yaşayırlar. Amma Firuzə olanda onların heç biri nazir deyildi. Bakıda 99 faiz nazirin toyunda mən oxumuşam, tədbirlərində oxuyub pul almamışam. Mənim əqidəmdən başqa elə bir var-dövlətim yoxdur”.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev saytımıza açıqlamasında bildirib ki, bir müddət əvvəl Əməkdar artist Firuzə İbadova və Cavanşir Məmmədov onun qəbulunda olublar. F.İbadova ev problemiylə bağlı partiya sədrindən kömək istəyib.

Vasif Əlihüseyn

0
Moderator.az