10 illik sevgi hekayəsi üçün xoşbəxt sonluq: Kasıb uşaqlığını keçirdiyi yerdə evlənəcək

MAQAZİN
13:40 / 03.08.2026
55

Dünyanın ən məşhur futbolçularından biri olan Kriştiano Ronaldo və onun münasibəti sayəsində daha da tanınan nişanlısı Corcina Rodriges 10 illik sevgi hekayələrini nikahla tamamlamğa hazırlaşırlar.

HİT.az xəbər verir ki, “Daily Mail”in iddiasına görə, Kriştiano Ronaldo və nişanlısı Corcina Rodriges futbolçunun böyüdüyü adada gələn həftə möhtəşəm toy mərasimi ilə evlənəcəklər.

41 yaşlı futbolçu və 32 yaşlı Corcinanın Funşal katedralında nikaha girəcəyi, daha sonra isə qonaqların qəbul mərasimi üçün beşulduzlu “Savoy Palace” otelinə keçəcəyi bildirilir. Toy mərasiminin ən azı iki gün davam edəcəyi iddia olunur. Oteldə qalan qonaqlara cümə və şənbə günləri iki mərtəbənin və bir neçə bar sahəsinin bağlı olacağı barədə məlumat verildiyi qeyd edilir.

Funşal Kriştiano Ronaldonun doğulduğu və böyüdüyü şəhərdir. Burada dünyanın ən məşhur futbolçularından birinə həsr olunmuş bürünc heykəl və onun adını daşıyan otel də yerləşir. Təxmini sərvəti 1,2-1,4 milyard dollar arasında olan Ronaldonun doğma şəhərinə qayıtmaq qərarı xüsusi emosional məna daşıyır. Çünki futbolçu burada yoxsulluq içində böyüyüb və bütün bacı-qardaşları ilə eyni otağı bölüşüb.

Ronaldonun futbol istedadı üzə çıxdıqdan sonra o, 11 yaşında “Sportinq Lissabon”a qoşulmaq üçün evini və doğma şəhərini tərk edib. O, daha əvvəl Portuqaliya millisinin dünya çempionatında mübarizəni dayandırmasından sonra Corcina ilə evlənməyi planlaşdırdığını açıqlamışdı. Ronaldo Pirs Morqanla müsahibəsində “Ümid edirəm ki, toyuma çempionluq kuboku ilə gələcəyəm” demişdi.

Ronaldo 10 illik sevgisi haqqında danışarkən Corcina ilə evlənmək istədiyini belə ifadə etmişdi: “Onunla evlənəcəyəm, çünki bunun doğru zaman olduğuna inanıram. O, yalnız uşaqlarımın anası olduğu üçün deyil, həm də ən çox sevdiyim insan olduğu üçün mənim üçün xüsusidir”.

Cütlük səkkiz illik münasibətdən sonra ötən avqustda nişanlanıb. Ronaldo uzun müddətdir gözlənilən evlilik təklifini edib.

Corcina Rodriges xəbəri “Instagram” hesabında “Bəli, qəbul edirəm” başlığı ilə paylaşaraq, dəyərinin 3-4 milyon dollar olduğu deyilən iri brilyant qaşlı nişan üzüyü ilə çəkilmiş fotosunu yayımlayıb.

Ronaldo sevdiyi qadına uyğun üzüyü tapmaq üçün çox çalışdığını bildirib:

“O, məndən ona təqdim etmək üçün xüsusi bir üzük istədi, çünki gözəl daşlı üzüyə sahib olmaq onun arzularından biri idi. Mən çox çalışdım, çox çalışdım və nəhayət onun bəyəndiyi şeyi tapdım”.

Cütlüyün Alana və Bella adlı iki qızı var. Futbolçunun daha əvvəl surroqat ana vasitəsilə Eva Mariya və Mateo adlı əkiz övladları dünyaya gəlib.

Bellanın Angel adlı əkiz qardaşı olub, lakin o, doğuşdan qısa müddət sonra vəfat edib. Ronaldonun əvvəlki münasibətindən Kriştiano Junior adlı oğlu da var.

Ronaldonun yoxsul uşaqlıq illərindən sonra dünyanın ən məşhur futbolçularından və ən varlı idman ulduzlarından birinə çevrilməsi uğur hekayəsinə bənzəyir.

Eynilə Corcina Rodrigeslə yaşadığı sevgi hekayəsi kimi.

Corcina Rodriges Ronaldo ilə 2016-cı ildə Madriddə “Gucci” mağazasında satış məsləhətçisi kimi işləyərkən tanış olub. Gözəlliyi ilə diqqət çəkən Corcina məşhur futbolçunun marağına səbəb olub, daha sonra onun sevgilisinə çevrilib, uşaqlarını dünyaya gətirib və Ronaldonun digər münasibətlərindən olan övladlarına da ana qayğısı göstərib.

Ronaldo ilə münasibətindən sonra məşhurlaşan Corcina Rodriges sosial media fenomeninə çevrilib, modellik fəaliyyətinə başlayıb və öz karyerasını quraraq şəxsi sərvətini artırıb.

Kriştiano Ronaldonun əvvəlki sevgililəri arasında rusiyalı model İrina Şeyk, britaniyalı model Gemma Atkinson və ispaniyalı model Nereida Qalyardo kimi məşhur adlar olub.

Samir

0