"İsrail "Hizbullah"la yanaşı İrana qarşı da hərbə girmək istəsə..." - Müharibənin miqyası böyüyür

DÜNYA
15:44 / 23.10.2023
438

ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin bəyan edib ki, Amerika ordusu İsrail və HƏMAS arasında münaqişədə yeni tərəflər meydana çıxacağı təqdirdə hərəkətə keçməyə hazırdır. Belə olarsa, digər ölkələrin də qarışması ilə yenə qlobal müharibə mümkündürmü?

Politoloq Elşən Manafov bildirib ki, İsrailin Qəzzada quru əməliyyatlarına başlaya biləcəyi ilə məlum qərarı bölgəni lokal xarakterli müharibəyə sürükləyəcək:

"İsrail hökumətinin HƏMAS-a qarşı aparacağı hərbi əməliyyatların azi 3 ay çəkə biləcəyi ilə bağlı mövqeyi isə regional munaqişənin geosiyasi və coğrafi anlamda genişlənmə ehtimalını artırır. ABŞ İsraildən Qəzzaya hucumun təxirə salınması ilə bağlı ismarıclar versə də, İsrailin hərəkətlərində müharibə ritorikasının artması müşahidə olunur.

Yaranmış vəziyyət ABŞ-ı qayğılandırır. "Hizbullah"ın cənubundan İsrailə hücum edəcəyi təqdirdə Təl-Əviv iki cəbhədə müharibə aparmaq vəziyyətində qalacaq. İsrail "Hizbullah"la yanaşı İrana qarşı da hərbə girmək istəsə, vəziyyət ağırlaşacaq. Bu halda İranla yanaşı Livan, Suriya və Yəmənin hərbi əməliyyatlara qatılma ehtimalı var. Bu ölkələrə İran təsirinin güclü olması bəllidir.

İranın Hörmuz boğazını bağlaya biləcəyi ilə bağlı xəbərdarlıqları artıq ABŞ-ı ona zərbələr endirməyə məcbur edəcək. Yaşananlar dünya enerji bazarında neftin qiymətlərinin artmasına səbəb olacaq. Bu Rusiya və neft istehsal edən digər ərəb dövlətlərinin xeyrinə olsa da, ABŞ-ın Böyük Yaxın Şərq oyununun qarşısının alınması üçün Çinlə və digər dövlətlərlə məsləhətləşmələr keçiriləcək.

Mahiyyət etibarı ilə eskalasiyanın gücləndirilməsindən qaçmaq hazırda beynəlxalq güclərin əsas məqsədi olmalıdır. Sonra gec ola bilər".

Aynur Əli

0