Azərbaycanda Ramazan ayı başlayıb.
Hit.Az xəbər verir ki, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edir.
Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.
Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.
Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.
Qeyd edək ki, bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən bayram namazı ilə bağlı əlavə məlumat veriləcək.