Amerikada yaşayan azərbaycanlı şerif: Hamı polisin səhv etdiyini görmək istəyir

DÜNYA
15:11 / 18.06.2020
4952

HİT.Az “Report”a istinadən Los-Ancelesdə yaşayan və şerif işləyən soydaşımız Fəxri Mirzəquliyevlə müsahibəni təqdim edir.

- Əvvəlcə özünüz barədə danışardınız. ABŞ-da neçə müddətdir yaşayırsınız? Niyə polis peşəsini seçdiniz?

- Bakıda doğulub böyümüşəm. 258 nömrəli məktəbi, sonra da İqtisad Universitetini bitirmişəm. 2002-ci ildən Amerikadayam. Bu ölkəyə tələbə kimi gəldim, 10 il sonra "green card" aldım. Əvəvlcə prokurorluqda dedektiv işləmək istəyirdim. Oraya düşmək üçün ya polis, ya da vəkil olmalısan. Polisə getməzdən əvvəl hüquq təhsili aldım və başa düşdüm ki, kağız işi mənə görə deyil. Bakıda məzun olduğum İqtisad Universitetinin diplomu prokurorluq üçün əhəmiyyətsizdir, ona görə də şerif oldum.

- ABŞ-da soydaşlarımız nə dərəcə fəaldır, yerli cəmiyyətə inteqrasiyaları necə gedir? Özlərini hansı sahələrdə daha çox doğruldurlar?

- Los-Ancelesdə bizimkilər elə də çox deyil, əsasən şərq sahillərində məskunlaşırlar. Əksəriyyət iş-güc sahibidir, irəli gedirlər, lazımsız işlərdən uzaq dururlar. Biz də əlimizdən gəldiyi qədər kömək edirik. Məsələn, kimsə təzə gəlib, qalmağa yeri yoxdursa, bir-iki həftəlik sığınacaq yeri təşkil edir, ərzaq, məsləhət sarıdan əl tutmağa çalışırıq. Amerikada hər şey sənin özündən asılıdır. Yəni qarşıya məqsəd qoymusansa, əzmin varsa, çox şeyə nail ola bilərsən.

- Son günlər ölkə boyu polisə qarşı etirazlar səngimir. Bunun səbəbləri, nəticələri haqqında fikirlərinizi bilmək maraqlı olardı. Hazırkı vəziyyət necədir?

- Rəsmi məlumatlara görə, Amerikada pis polis 2 faiz təşkil edir. Lakin televiziyalar məhz onlardan danışır. Halbuki polis hər gün körpə uşaqları xilas edir, xəstəxanaya çata bilməyən hamilə qadınlar üçün mamalıq edir, başqasına atılan güllələrə özlərini sipər edir. Amma bütün bunlar xəbərlərdə yoxdur. 2019-cu ildə 339 polis ölüb, onlardan 100-ü güllə yarasından keçinib, lakin belə şeylər maraqlı deyil. Yaxşı polis haqqında xəbərlərə tələbat yoxdur, hamı polisin nəsə bir səhv etdiyini görmək istəyir. Amerikada ildə on minlərlə adam həkim səhvi ucbatından ölür, amma bunu vecinə alan yoxdur. O hadisənin irqçilikdən baş verdiyini bildiriblər. Başqa ştatları, departamentləri deyə bilmərəm, amma bizim departamentimizdə belə şey yoxdur. İyirmi ilə yaxındır Amerikada yaşayıram və irqçiliyə rast gəlməmişəm.

- Koronavirusa yoluxmağınız barədə nə deyə bilərsiniz?

- Xəstə adamlarla təmasda olmuşdum, işdə tutdum. Hələ əlamətlər bəlli olmamış testdən keçib yaxınlarımı yoluxdurmamaq üçün özümü təcrid etdim. Beş gündən sonra müsbət cavab gəldi. O vaxta qədər özüm də bilmişdim. Əvvəlcə bərk başağrısı, sonra da qızdırmam qalxdı. Burnum keyləşdi, iy hiss etmirdim. Bir həftəyə hamısı keçib getdi, nəsə dəhşətli bir şey hiss etmədim. Bu virus, əlbəttə, adi qripdən daha güclüdür, amma məndə fəsadlar yaratmadı. Bizim işdə gündə neçə nəfər yoluxur, amma hələlik heç kimdə ciddi problemlərə gətirib çıxarmayıb.

0