Alimlər müxtəlif heyvanların ünsiyyət zamanı istifadə etdiyi ritmik siqnalların eyni tezlik diapazonuna uyğun gəldiyini müəyyən ediblər. ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları əvvəlcə Taylandın manqrov meşələrində Pteroptyx malaccae növünə aid işıldaböcəklərin və yaxınlıqdakı cırcıramaların demək olar ki, eyni tezlikdə – saniyədə təxminən 2,4 hers, yaxud dəqiqədə 145 impulsla siqnal verdiyini müşahidə ediblər.
İT.az xəbər verir ki, tədqiqatın nəticələri “PLOS Biology” jurnalında dərc olunub.
Daha sonra alimlər heyvanların ünsiyyətinə dair əvvəlki araşdırmaları təhlil edərək daha geniş ortaq diapazon müəyyənləşdiriblər. Bu diapazon saniyədə təxminən 0,5-4 hers, yəni dəqiqədə 30-240 impuls təşkil edir.
Oxşar ritmlərə ölçüləri və orqanizmlərinin quruluşu ciddi şəkildə fərqlənən heyvanlarda rast gəlinir. Bunlara işıldaböcəklər və skripkaçı xərçənglərdən tutmuş balıqlar, quşlar, insanabənzər meymunlar və insanlar daxildir.
“Xeno-Canto” vəhşi təbiət səsləri arxivindəki 124 səs yazısının əlavə təhlili də müntəzəm ritmik siqnallara malik 50 növün müəyyənləşdirilməsinə imkan verib. Onların siqnalları da əsasən eyni diapazona düşüb. Ən çox rast gəlinən tezlik isə dəqiqədə təxminən 180 impuls olub.
Alimlər ehtimal edirlər ki, bunun səbəbi heyvanların sinir sisteminin siqnalları qəbul etmə xüsusiyyətləri ilə bağlı ola bilər. Neyronlar daxil olan informasiyaya dərhal reaksiya vermir. Onların fəaliyyətinə əvvəlki bir neçə yüz millisaniyə ərzində qəbul edilən siqnallar da təsir göstərə bilər. Buna görə də sinir şəbəkələri müəyyən sürətlə daxil olan informasiyanı daha effektiv emal edə bilər.
Kompüter modeli də bu hipotezi dəstəkləyib. Daxili tempi dəqiqədə təxminən 120 impuls səviyyəsində tənzimlənən sadə neyron şəbəkələri buna yaxın tezlikdəki siqnallara daha güclü reaksiya göstərib.
Tədqiqatda iştirak etməyən Amsterdam Universitetinin musiqi qavrayışını araşdıran alimi Henkyan Honinq müxtəlif növlər arasında ortaq ritmin mövcud ola biləcəyini maraqlı ehtimal kimi qiymətləndirib. O qeyd edib ki, Qərbin populyar musiqisinin böyük hissəsi də bu diapazonda – dəqiqədə təxminən 120 impuls tempindədir.
Müşahidə insanların ritmi qavraması ilə bağlı araşdırmalarla da uyğun gəlir. Kornell Universitetinin koqnitiv alimi Nori Ceykobi bildirib ki, insanlar geniş ritm diapazonu ilə sinxronlaşa bilirlər. Lakin taktın qavranılması və təkrar yaradılması adətən dəqiqədə 85-120 impuls tempində daha effektiv olur.
Bununla belə, alimlər sinir sistemində informasiyanın emalını yeganə izah hesab etmirlər. Honinqin fikrincə, ünsiyyətin tempinə bədənin hərəkətləri və tənəffüs kimi digər bioloji ritmlər də təsir göstərə bilər.
Müxtəlif növlərin bir-birindən asılı olmayaraq siqnalların ötürülməsində niyə oxşar sürətlərdən istifadə etdiyi isə hələlik məlum deyil və bu suala cavab tapmaq üçün əlavə araşdırmalara ehtiyac var.
Samir


