“Swiss” aviaşirkətinin Sürixdən Nyu-Yorka uçan təyyarəsi Şimali Atlantik üzərindən keçərkən fövqəladə vəziyyət siqnalı göndərib.
HİT.az xəbər verir ki, bu barədə “Antena 3” məlumat yayıb.
Pilot göyərtədə yaranan qəfil tibbi problem səbəbindən 7700 fövqəladə kodunu göndərib. Göyərtəsində 234 sərnişin olan təyyarə marşrutunu dəyişməyə məcbur olub.
“LX14 Sürix–Nyu-York reysini yerinə yetirərkən sərnişinlərdən birinə təcili tibbi yardım lazım olub. Bu səbəbdən pilot kabinəsindəki ekipaj Sent-Cons şəhərində planlaşdırılmamış eniş etmək qərarına gəlib. Yerli hava hərəkətinə nəzarət xidməti ilə razılaşdırıldıqdan sonra ekipaj əlavə olaraq 7700 fövqəladə siqnalını göndərib”, – “Swiss” aviaşirkətinin sözçüsü Mixael Peltser bildirib.
Səhhəti pisləşən sərnişin tibbi heyətə təhvil verilib. Bundan sonra təyyarə Nyu-Yorka uçuşunu davam etdirib.
7700 kodu nə deməkdir?
7700 kodu konkret olaraq hər hansı bir insident növü ilə əlaqəli deyil. Bu kod, məsələn, təcili tibbi vəziyyət, yanacağın kifayət qədər olmaması, texniki nasazlıq və ya digər fövqəladə vəziyyət barədə xəbərdarlıq edə bilər.
7700 kodunun göndərilməsi avtomatik olaraq təyyarənin qəza enişi edəcəyi və ya sərnişinlərin təhlükədə olduğu anlamına gəlmir.
“Fövqəladə siqnalın göndərilməsi avtomatik olaraq sərnişinlərin və ya təyyarənin təhlükədə olması demək deyil. Lakin bu kimi vəziyyətlərdə siqnal hava hərəkətinə nəzarət dispetçerlərini reysə lazımi üstünlük verməyə sövq edir ki, ekipaj mümkün qədər gecikmədən eniş edə bilsin”, – Peltser əlavə edib.
Digər planlaşdırılmamış enişlər
Son həftələrdə “Swiss” aviaşirkətinin təyyarələrinin bir neçə dəfə planlaşdırılmamış eniş etdiyi bildirilib. Bu yaxınlarda Çikaqodan Sürixə uçan təyyarələrdən biri Azor adalarına yönləndirilib.
Buna səbəb salonu bürüyən kimyəvi maddə qoxusu olub. Bir neçə nəfərə tibbi yardım göstərilib. Sonda aviaşirkət ehtiyat təyyarədən istifadə edərək sərnişinləri təhlükəsiz şəkildə təyinat yerinə çatdırıb.
İyulun 27-də Nyu-Yorka uçan “Swiss” təyyarəsi Banqorda eniş edib. Buna səbəb qulaqlıqların doldurulması üçün istifadə olunan qabın həddindən artıq qızması nəticəsində yaranan tüstü olub. Ekipaj təhlükəsizlik məqsədilə eniş etmək qərarına gəlib.
Avqustun 10-da Sürixdən Boston istiqamətində uçan təyyarə Dublinə yönləndirilib. Biznes-klassda yerləşən enerji bankı həddindən artıq qızıb və nəticədə salonda tüstü yaranıb.
Samir


