MAQATE: Şimali Koreyada yeni nüvə obyektləri peyda olub

DÜNYA
12:45 / 09.09.2026
39

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Şimali Koreyanın uranın zənginləşdirilməsi üçün yeni obyektlər inşa etdiyini açıqlayıb. Agentliyin məlumatına görə, peyk görüntüləri və açıq mənbələrdən, o cümlədən Şimali Koreyanın rəsmi mediasında yayılan foto və videolardan əldə edilən məlumatların təhlili KXDR-in nüvə proqramını fəal şəkildə genişləndirdiyini göstərir.

HİT.az xəbər verir ki, KXDR-in Yonbyon şəhərində yerləşən əsas nüvə obyektində uranın zənginləşdirilməsi üçün yeni iki mərtəbəli bina inşa edilib. MAQATE-nin qiymətləndirməsinə görə, bu binada 28-ə qədər sentrifuqa kaskadı yerləşdirilə bilər.

Kanson şəhərindəki uranın zənginləşdirilməsi zavodunda da genişmiqyaslı əlavə binanın istismarına başlanılıb. Onun tikintisi 2024-cü ildən aparılırdı.

MAQATE-nin baş direktoru Rafael Qrossi baş verənləri ciddi narahatlıq doğuran hal və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirib.

KXDR MAQATE-nin ölkənin nüvə proqramına dair səlahiyyətlərini tanımır. Agentlik 2009-cu ildən etibarən Şimali Koreyanın nüvə obyektlərində yoxlamalar apara bilmir.

Şimali Koreya hakimiyyəti ölkənin nüvə dövləti statusunun dəyişməz qalacağını bildirir. Pxenyan həmçinin vurğulayır ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni imzalamayan ölkənin daxili işlərinə MAQATE-nin müdaxilə etmək üçün hüquqi səlahiyyəti yoxdur.

Samir
 

0