Dünyanın ən böyük iqtisadiyyatları “planetin əsas çirkləndiriciləri”dir və Nepalda baş vermiş son dağıdıcı daşqınlara görə məsuliyyətlərini tanımalıdırlar.
HİT.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Şişir Xanəl “The Guardian” qəzetinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, alimlər daşqınları atmosferə zərərli emissiyaların atılması nəticəsində yaranan iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Eyni zamanda, Nepalın qlobal emissiyalardakı payı cəmi 0,1 faiz təşkil edir.
“İqlim dəyişikliyinə töhfəmiz olduqca cüzidir. Tarixən istixana qazları emissiyalarına bizimkindən qat-qat çox töhfə vermiş daha iri və ətraf mühiti daha çox çirkləndirən iqtisadiyyatların ümumi məsuliyyəti tanıması son dərəcə vacibdir”, – Xanəl deyib.
Nazirin sözlərinə görə, Nepala yardım göstərməsi gözlənilən ölkələr arasında Çin və Hindistan da var.
Şişir Xanəlin sözlərinə görə, Nepalda 6 mindən çox insanın öldüyü və itkin düşdüyü dağıdıcı daşqınlar “qarşıda bizi nələrin gözləyə biləcəyinə dair ən ciddi xəbərdarlıqlardan biridir”.
Nepal artıq BMT-nin İtkilər və Zərərlərə Cavab Fonduna (Fund for Responding to Loss and Damage) rəsmi məktub göndərərək daşqınların nəticələrinin aradan qaldırılması üçün ölkəyə təcili olaraq 20 milyon dollar ayrılmasını xahiş edib.
Müraciətdə bildirilir ki, Nepalda 20 minədək evin və böyük avtomobil yolunun bərpasına ehtiyac var.
Samir


