“Bəzi yer adlarının dəyişdirilməsi ilə bağlı qanun layihələri, regionların, eləcə də, yerli idarəetmə orqanlarının inkişafına təsir edəcək bir sıra qanunlarda dəyişikliklər komitəmizin iş planına daxildir. Bir sıra təkliflərimiz də var ki, müvafiq razılaşdırılmalardan keçirilir”.
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Milli Məclis” jurnalına müsahibəsində deyib.
Komitə sədri siyasi sistemdə dəyişikliklərlə əlaqədar təkliflərinin olduğunu da bildirib:
“Ümumiyyətlə, Avropa İttifaqı ölkələrinin siyasi partiyalarla bağlı qanunlarında da göstərilib ki, partiya bir neçə il fəaliyyət göstərmirsə, avtomatik olaraq qeydiyyatı ləğv edilir. Təbii ki, siyasi partiyanın fəaliyyəti təkcə bəyanat yazmaqdan ibarət deyil. Hesab edirəm ki, siyasi partiyaların tam şəkildə fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı qanunuvericiliyə müvafiq dəyişikliklər edilməli, yaxud da yeni qanun qəbul etməliyik. Bu, ölkədə siyasi sistemin daha da möhkəmləndirilməsinə xidmət edəcək addım olacaq”