Corab satıb heyvanları yemləyən küçə qəhrəmanı - VİDEO

DÜNYA
20:03 / 19.07.2020
1527

Türkiyənin Diyarbəkir şəhərində yaşayan Kadir Aydoğmuş küçədə corab satıb həyatda qalmağa çalışır.

Bir parça çörəyin pulunu çətinliklə qazanır. Amma küçə heyvanlarını heç unutmur, qazandığının yarısı ilə onları yemləyir.

Hamının Kado adlandırdığı nəcib insanı Diyarbəkirdə küçə qəhrəmanı sayırlar. Küçə heyvanları onun yolunu həmişə gözləyir.

“Onların dili yoxdur ki, ac olanda desinlər. Mən deyə bilərəm, kimdənsə çörək istəyə bilərəm. İnsan mərhəmətli olmalıdır. Bizə niyə insan deyirlər? Biz mərhəmətli, vicdanlı olmalıyıq”, - Kado deyir.

Kadir heyvanlar, quşlar arasında fərq qoymur. İt, pişik, göyərçin – hamısını yedizdirir. Kadonun pandemiya dövründə vəziyyəti çox ağırlaşıb. Əvvəllər səyyar şəkildə çay, su satırmış. İndi küçədə çox adam olmur. Kadir qapı-qapı düşüb corab satır ki, həm özü, həm də küçə heyvanları ac qalmasın. Axı küçədə az adam olduğundan, heyvanlar da aclıq çəkir.

Kadirin dediyinə görə, pandemiya dövründə həmişə gün ərzində 50 lirədən (təxminən 7 dollar) az qazanıb. “Deutsche Welle”yə danışan küçə qəhrəmanı müsahibə verdiyi gün cəmi 30 lirə qazandığını, bunu yarısını heyvanlara xərclədiyini deyib.

Kadir bilir ki, onu hər kəs anlamaz: “Mənim duyğularımı yaşamaq lazımdır”.

0
Bizimyol.info