Ermənistanın Baş naziri Nikol Paşinyan Göyçə bölgəsində keçirdiyi seçkiqabağı görüş zamanı Başkənd məsələsindən də danışıb.
Onun sözlərinə görə, problemin mümkün həll yollarından biri ərazi mübadiləsi variantının nəzərdən keçirilməsi ola bilər. Lakin onun fikirləri müzakirələrə gətirib çıxarıb. Baş nazirin bu yanaşma ilə Başkəndin əvəzində Azərbaycana başqa bir ərazinin təklif edilməsini nəzərdə tutub-tutmadığı sual doğurur. Çünki Paşinyan çıxışında hansı konkret ərazinin mübadilə predmeti ola biləcəyinə dair fikir bilirməyib.
Paşinyanın məlum fikri ilə bağlı Hit.az-a açıqlama verən siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin davam etdiriləcəyi gözlənilir:
“Rəsmi İrəvan artıq bununla bağlı mövqeyini açıqlayıb və sərhədlərin yenidən müəyyənləşdirilməsi prosesinin Azərbaycan-Ermənistan-Gürcüstan sərhədlərinin qovuşduğu nöqtədən başlayaraq cənubda İran sərhədinədək davam etdirilməsi nəzərdə tutulur”.
O əlavə edib ki, sovet dövründə Azərbaycan və Ermənistan arasındakı inzibati sərhəd xəttinin uzunluğu şimaldan cənuba 1007 kilometr təşkil edib:
“Hər iki ölkənin delimitasiya komissiyaları arasında əldə olunan razılığa əsasən, proses Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin birləşdiyi Babakar dağından başlayaraq mərhələli şəkildə davam etdiriləcək. Bu, 2024-cü ilin may ayında Qazax rayonu istiqamətində aparılmış delimitasiya işlərinin növbəti mərhələsi hesab olunur”.
Ekspert qeyd edib ki, hazırda Qazax rayonunun üç kəndi – Yuxarı Əskipara, Barxudarlı və Sofulu Ermənistanın nəzarətində qalır. Bundan əlavə, Naxçıvanın Kərki kəndi də 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub:
“Ermənistan rəsmilərinin son açıqlamaları rəsmi İrəvanın həmin dörd kəndin Azərbaycana qaytarılması məsələsinə müsbət yanaşdığını göstərir. Bu kəndlər Azərbaycana qaytarılmadan iki ölkə arasında tam sülhün bərqərar olması, eləcə də nəqliyyat və kommunikasiya əlaqələrinin tam şəkildə açılması çətin görünür. Xüsusilə Qazax-İcevan dəmir yolu Sofulu və Barxudarlı kəndlərindən keçir.
Həmin kəndlər Azərbaycana qaytarılarsa, nəqliyyat əlaqələrinin bərpası üçün əlavə imkanlar yaranacaq. Eyni zamanda, Bakı-Qazax istiqamətində qaz kəməri də mövcuddur. Ermənistanın enerji resurslarına ehtiyacının artdığı indiki şəraitdə sərhədlərin delimitasiyasının yekunlaşdırılması və Azərbaycanla sülh sazişinin imzalanması rəsmi İrəvan üçün mühüm əhəmiyyət daşıyır”.
Həmsöhbətimizin sözlərinə görə, Ermənistan tərəfi həmin kəndlərdən birinin Gədəbəy rayonunun Başkənd kəndi ilə dəyişdirilməsi variantını da gündəmə gətirir:
“1920-ci ildə Zəngəzur kimi Başkənd də bolşeviklərin qərarı ilə qanunsuz şəkildə Ermənistana verilib. Bu qərarın hüquqi əsası olmayıb və yalnız partiyadaxili qərar xarakteri daşıyıb. Ermənistan sonradan Başkəndə sahib çıxaraq onu öz ərazisi kimi təqdim etməyə başlayıb. Halbuki Başkənd tarixi Azərbaycan torpağıdır. Ermənilər burada silahlı separatizm fəaliyyəti göstərib, ətraf kəndlərin sakinlərinə qarşı hücumlar həyata keçiriblər.
Məqsəd Gədəbəyin digər kəndlərini də nəzarətə götürərək indiki Çəmbərək istiqamətində dəhliz yaratmaq idi. Azərbaycan Ordusunun 1992-ci ilin avqustunda keçirdiyi uğurlu əməliyyat nəticəsində erməni silahlı birləşmələri kəndi tərk edib və Ermənistan ərazisinə çəkilib.”
M.Abdulla vurğulayıb ki, Azərbaycanın işğal altında qalmış dörd kənd üzərində suveren hüquqları beynəlxalq səviyyədə tanınır:
“Həmin kəndlərin işğalı Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Buna görə də onlar heç bir şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır. Başkənd məsələsi isə fərqlidir. Ermənistanın bu kənd üzərində hüquqi suverenliyi yoxdur. Sovet dövründə Azərbaycanın bəzi torpaqları qanunsuz şəkildə Ermənistana verilib və Başkənd də həmin ərazilərdən biridir.
Eyni zamanda, 1969-cu ildə Gədəbəy rayonunun Tağlar kəndinin bir hissəsinin və minlərlə hektar torpaq sahəsinin Ermənistana verildiyi iddiaları da mövcuddur. Əgər delimitasiya prosesi sovet dövrünün inzibati sərhədləri əsasında aparılırsa, bu məsələlər də gündəmə gətirilə bilər.”
Siyasi şərhçi diqqətə çatdırıb ki, Ermənistan 1995-ci ildə inzibati ərazi bölgüsü haqqında qanun qəbul edib və həmin qanunun əlavələrindən birində Başkənd Gegarkunik vilayətinin tərkibində göstərilib:
“Ermənistan Başkəndi qanunsuz şəkildə öz inzibati bölgüsünə daxil edib. Buna görə də rəsmi İrəvan ilk növbədə həmin qanunvericiliyə dəyişiklik etməli və Başkəndin adını həmin siyahıdan çıxarmalıdır. Əks halda, hər hansı ərazi mübadiləsi baş versə belə, gələcəkdə yenidən Azərbaycana qarşı ərazi iddialarının ortaya çıxması riski qalacaq. Əgər söhbət anklavların taleyindən və ya ərazi mübadiləsindən gedirsə, Azərbaycanın da müxtəlif məsələləri gündəmə gətirmək hüququ var.
Bu baxımdan, Ermənistanın Başkəndlə bağlı iddialarının hüquqi əsası yoxdur. Ermənistan tarixi Azərbaycan torpaqlarına ərazi iddiası irəli sürə bilməz və işğal altında qalan dörd kənd qeyri-şərtsiz Azərbaycana qaytarılmalıdır. Mənim qənaətimə görə, Ermənistan konkret olaraq Başkəndin Kərki və ya Yuxarı Əskipara kəndi ilə dəyişdirilməsi variantını irəli sürür”.
Günel Cəlilova



