Mütəxəssis açıqladı: Bu stress orqanizmi daha güclü edə bilər

SAĞLAMLIQ
23:53 / 23.09.2026
37

Gündəlik həyatda stress adətən mənfi faktor kimi qəbul edilir. Lakin mütəxəssislər müəyyən dozada və qısa müddətli stressin orqanizmdə uyğunlaşma mexanizmlərini aktivləşdirə biləcəyini bildirirlər.

Hit.az xəbər verir ki, bu barədə CNN Türk yazıb.

Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Halil Ertürkün sözlərinə görə, “hormetik stress” aşağı dozada, qısa müddətli və nəzarətli stressin orqanizmdə adaptasiya reaksiyası yaratmasıdır. Belə vəziyyətlər bədənin müdafiə, bərpa və dözümlülük mexanizmlərini aktivləşdirə bilər.

Mütəxəssis sağlam həyat üçün gündəlik vərdişlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun tövsiyələri arasında ilk növbədə keyfiyyətli yuxu dayanır. Səhər gün işığı almaq, hər gün eyni saatlarda yatıb-durmaq, axşam ağır yeməklərdən və gec saatlarda kofeindən uzaq durmaq yuxu keyfiyyətinə müsbət təsir göstərə bilər.

Aralıq dənizi tipli qidalanma da sağlamlıq üçün tövsiyə olunur. Zeytun yağı, tərəvəz, paxlalılar, balıq, tam taxıllar və kifayət qədər zülaldan ibarət qidalanmanın metabolik sağlamlığı dəstəklədiyi qeyd edilir.

Bundan başqa, yeməkdən sonra 10-15 dəqiqəlik sürətli gəzinti qan şəkərinin yeməkdən sonra kəskin yüksəlməsinin qarşısını almağa və həzmi dəstəkləməyə kömək edə bilər.

Uzun müddət oturmaqdan da mümkün qədər uzaq durmaq məsləhət görülür. Sadə gəzinti, pilləkən qalxmaq, çömbəlmə, plank və dartınma hərəkətləri əzələlərin aktiv qalmasına kömək edə bilər. Mütəxəssis hər 45-60 dəqiqədən bir ayağa qalxmağı və qısa hərəkətlər etməyi tövsiyə edir.

Stresslə bağlı isə məqsədin onu tamamilə aradan qaldırmaq deyil, stressdən sonra bərpa olunma qabiliyyətini gücləndirmək olduğu bildirilir. Nəfəs məşqləri, təbiətdə vaxt keçirmək, rəqəmsal fasilələr və sosial münasibətlər bu baxımdan faydalı ola bilər.

Hormetik stressin nümunələri kimi fiziki məşqlər, qısa müddətli soyuq və ya isti təsir, nəfəs məşqləri və müəyyən qidalanma rejimləri göstərilir. Məsələn, duşun sonunda 20-30 saniyə daha sərin su ilə yuyunmaq mümkün variantlardan biri kimi qeyd olunur. Lakin ürək-damar xəstəlikləri, ritm pozğunluğu, nəzarətsiz yüksək təzyiq və bəzi xroniki xəstəlikləri olan şəxslərin bu cür üsullardan istifadə etməzdən əvvəl ehtiyatlı olması vurğulanır.

Mütəxəssis həmçinin gecə yeməklərindən uzaq durmağın və təxminən 12 saatlıq təbii gecə fasiləsinin bəzi insanlar üçün faydalı ola biləcəyini bildirir. Bununla belə, diabet dərmanı və ya insulin qəbul edənlər, hamilə və süd verən qadınlar, eləcə də müəyyən xroniki xəstəlikləri olan şəxslər belə qidalanma dəyişikliklərini həkimlə məsləhətləşməlidirlər.

Dr. Ertürkə görə, sağlam həyatın əsas şərti mükəmməl proqram deyil, davamlı gündəlik vərdişlərdir. Gün işığı, müntəzəm hərəkət, balanslı qidalanma, kifayət qədər yuxu və stressin idarə olunması uzunmüddətli sağlamlığın əsas elementləri kimi göstərilir.

Samir

0