Yumurtadan daha çox B12 vitamini olan 8 qida – bitki əsaslı seçim də var

SAĞLAMLIQ
23:53 / 09.10.2026
50

B12 vitamini orqanizmin normal fəaliyyətində mühüm rol oynayır. Yumurta bu vitaminin mənbələrindən biri olsa da, bəzi qidalar tərkibindəki B12 miqdarına görə onu əhəmiyyətli dərəcədə üstələyir.

HİT.az xəbər verir ki, “Health” nəşri B12 vitamini ilə zəngin olan və gündəlik qida rasionuna daxil edilə bilən səkkiz məhsulu açıqlayıb.

1. Mal qaraciyəri

85 qram mal qaraciyərində təxminən 70,7 mikroqram B12 vitamini var. Bu miqdar gündəlik tövsiyə olunan normanın təxminən 30 qatına bərabərdir. Məhsul həmçinin zülal, dəmir, sink, folat, A vitamini və xolinlə zəngindir.

2. Molyuskalar

85 qram molyuskada 17 mikroqram B12 vitamini olur. Bu porsiya gündəlik ehtiyacın təxminən 700 faizini təmin edir. Molyuskalar həmçinin zülal, sink və selen mənbəyidir.

3. İstiridyə

85 qram istiridyənin tərkibində 14,9 mikroqram B12 vitamini var. Bu, gündəlik ehtiyacın 600 faizindən çoxunu qarşılayır. İstiridyələr dəmirlə də zəngindir və bu mineral B12 vitamini ilə birlikdə qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır.

4. B12 ilə zənginləşdirilmiş qida mayası

İki xörək qaşığı zənginləşdirilmiş qida mayasında təxminən 15 mikroqram B12 vitamini olur. Bitki mənşəli olduğuna görə bu məhsul vegan qidalanan insanlar üçün də uyğun seçim sayılır.

5. Tuna

85 qram tuna gündəlik B12 ehtiyacının 100 faizindən çoxunu təmin edə bilər. Balıq həmçinin yüksək miqdarda zülal, omeqa-3 yağ turşuları və D vitamini ilə seçilir.

6. Qatıq

Bir stəkan qatıqda təxminən 1,3 mikroqram B12 vitamini var ki, bu da gündəlik normanın 86 faizinə yaxındır. Qatıq eyni zamanda kalsium, selen və sinklə zəngindir.

7. Sardina

100 qram sardinanın tərkibində yüksək miqdarda B12 vitamini olur və bir banka sardina gündəlik ehtiyacın üç dəfədən çoxunu təmin edə bilər. Bundan əlavə, sardina zülal, omeqa-3 yağ turşuları və kalsium mənbəyidir.

8. B12 ilə zənginləşdirilmiş bitki mənşəli süd

Bir stəkan zənginləşdirilmiş bitki südündə təxminən 1,2 mikroqram B12 vitamini ola bilər. Bu məhsul xüsusilə heyvan mənşəli qidalardan istifadə etməyən şəxslər üçün alternativ mənbədir.

Mütəxəssislər B12 vitamininin çatışmazlığının qarşısını almaq üçün müxtəlif və balanslı qidalanmanın vacib olduğunu bildirirlər. Vegan və vegetarian qidalanan şəxslərdə isə B12 vitamini ilə zənginləşdirilmiş məhsullara və ya həkim məsləhəti ilə əlavələrə ehtiyac yarana bilər.

Samir

0