Soyuq havalarda üz və əl dərisinə qulluq xüsusi diqqət tələb edir. Bu mövsümdə dərinin qoruyucu lipid qatını saxlamaq, quruluğun qarşısını almaq və nəmlik balansını bərpa etmək vacibdir.
HİT.az xəbər verir ki, bu barədə həkim-kosmetoloq Vasilina Mironova “Radio Sputnik”ə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, qış qulluğunun ilk mərhələsi dərinin zərif təmizlənməsi olmalıdır. Dəridə dartılma hissi yaradan sərt gellər və köpüklər əvəzinə krem-gellər, təmizləyici südlər və hidrofil yağlardan istifadə etmək tövsiyə olunur. Bu vasitələr dərinin qoruyucu qatının zədələnməsinin və quruluğun artmasının qarşısını almağa kömək edir.
Kosmetoloq yay aylarında istifadə edilən yüngül teksturalı gelləri daha qidalandırıcı kremlərlə əvəz etməyi məsləhət görüb. Onun sözlərinə görə, tərkibində seramidlər, skvalan, peptidlər, jojoba və şi yağları olan məhsullar dərinin qoruyucu baryerinin bərpasına kömək edir.
Mironova təmiz hialuron turşusu tərkibli vasitələrin küçəyə çıxmazdan dərhal əvvəl çəkilməsini də məsləhət görmür. Nəmləndirici məhsullardan çölə çıxmağa ən azı bir saat qalmış istifadə etmək və ya bu proseduru axşam saatlarına saxlamaq daha məqsədəuyğundur.
Ekspert qış mövsümünü retinol və turşulardan istifadə üçün də əlverişli dövr hesab edir. Qlikolik, süd və salisil turşularının, eləcə də retinolun dərinin yenilənməsinə, səthinin hamarlaşmasına və piqment ləkələrinin azalmasına kömək edə biləcəyini bildirib. Lakin bu vasitələr dəriyə qulluq rejiminə tədricən daxil edilməli, istifadədən əvvəl kosmetoloq və ya dermatoloqla məsləhətləşmək tövsiyə olunur.
Kosmetoloq qışda günəşdən qoruyucu vasitələrdən imtina etməməyə də çağırıb. Çünki ultrabənövşəyi şüalar buludlu havada da dəriyə təsir göstərir, qar isə onları əks etdirə bilir.
Bundan əlavə, mütəxəssis nəmləndirici və bərpaedici kosmetoloji prosedurlara üstünlük verməyi, kifayət qədər maye qəbul etməyi və evdə havanın rütubətinə nəzarət etməyi məsləhət görüb. Zərurət olduqda hava nəmləndiricisindən istifadə etmək dəri quruluğunun azalmasına kömək edə bilər.
Samir


