Yaradıcı kişiyə dayə lazımdır, həyat yoldaşı yox... - YAZIÇI

MƏDƏNİYYƏT
10:06 / 26.05.2020
2698

"Əli və Nino" böyük əsərdir. O əsərdə Azərbaycan var, Qarabağ tarixi var. Azərbaycanın milli kimliyi var. Azərbaycan kişisinin mahiyyəti, həmin o mahiyyətdə olan naqislik - ikili standart var. Bir epizod deyim: Azərbaycan kişisinin sevgilisini aparırlar, öpüb geri qaytarırlar. Ancaq onun sevgilisi gürcü qızıdı deyə, Azərbaycan kişisi onu qəbul edir, işin üstünü vurmur. Özününkü olsaydı, əmisi qızı, xalası qızı, qonşusu, qohumu, soydaşı... qətiyyən bağışlamazdı, həmən imtina edərdi. Bu, bizim xarakterimizdir. Öz qızlarında kiçik bir kölgəni belə öz kişiliyinə sığışdırmayanlar yad millətlə evlənəndə, eee... nələrə göz yumurlar. Kiçik bir epizod dedim hələ. Əsərin hər səhifəsi bir dünyadır".

Bu sözləri HİT.Az-a açıqlamasında yazıçı Mehriban Vəzir deyib. O, yaradıcı insanların ailə münasibətləri ilə bağlı da fikirlərini bölüşüb: 

"Hərdən mənə elə gəlir ki, bütün qüsurlar elə Azərbaycan qadınının təbiətindədir. Azərbaycan qadını yaradıcı kişini məhv edir. Dedi-qodu bataqlığına, güzəran bataqlığına soxur, öldürür onu. Nə bilim, mürəkkəb məsələdir. Bəlkə də, ona görə belə düşünürük ki, başqa xalqların həyatından az xəbərimiz var. Bir misal deyim, Mirzə Cəlil "Molla Nəsrəddin"də cəmiyyətimizi tənqid atəşinə tuturdu, çünki ancaq buranı görmüşdü və elə bilirdi ki, cəhənnəmin dibi buradır. O bilmirdi ki, Yer üzündə cəhənnəmin neçə-neçə dibi var. Yusif Vəzir Çəmənzəminli isə Avropanı gəzmişdi və deyirdi ki, bizdən də betər cəmiyyətlər var. Ona görə, çox az bildiyimizdən bilmirik ki, orda yazıçıların həyat yoldaşları necə olur. İnanın ki, elə bütün cəmiyyətlərdə çox az qadın yazıçı həyat yoldaşını qiymətləndirə bilir, yazıb-yaratsın deyə, ona dayə kimi xidmət edir. Ümumiyyətlə, yaradıcı adama dayə kimi qadın lazımdır, həyat yoldaşı yox".

Yazıçının fikirlərinə əsasən, əslində, hər toplumda qadınların yumruğu kişinin başı üzərindədir: "Qadın kişidən məsuliyyət tələb edir. Çünki qadın yoldaşına ilk öncə kişi kimi yanaşır, sonra yazıçı kimi. Çox vaxt da yazıçı ailə başçısı kimi məsuliyyətlərini yerinə yetirə bilmir. Qazana bilmir, idarə edə bilmir, alıb gətirə bilmir, istəkləri qarşılaya bilmir. Yazıçı, ümumiyyətlə, şikəst adamdır, əlil kimidir. Əlbəttə, söhbət tülkülərdən getmir, yazıçılardan gedir. Əgər bir yazıçının xüsusi mülkiyyəti yoxdursa və ona oradan davamlı gəlir gəlmirsə, həyatı cəhənnəmə dönür. Yalnız fövqəladə istedadla bu cəhənnəmdən çıxmaq mümkündür. Şöhrət çox gec gəlir.

Biz fədakar ömür yoldaşları görmüşük. Xəlil Rzanın həyat yoldaşı Firəngiz xanım kimi. Eyni zamanda böyük şair olan ərini, utandıra-utandıra zibil atmağa məcbur edən qadınlar da görmüşük, məmurların qapısında diləndirən qadınlar da".

Mehriban Vəzir yazıçının yaradıcılıqla məşğul olaraq məişət yükünü daşımağın ağır olduğunu deyir: "Bu da ağrılı məsələdir. İndi oxunmayan şairlərdən biri Nigar Rəfibəyli yadıma düşdü. Bir şeiri qalıb yadımda, təxminən belə deyir, mən yaxşı şeir yaza bilərdim, amma onun əvəzinə yun yuyub-diddim, yorğan saldım, filankəsin yorğanı yıpranmışdı, rahat yata bilmirdi, yaxşı şeir yaza bilərdim, əvəzinə günorta yeməyi bişirdim ki, ailəm ac qalmasın, yaxşı şeir yaza bilərdim, uşaq dərsə gedir deyə, köynəyini ütülədim, şeir yazacaqdım, dərsdən gəldi, dərsi ilə məşğul oldum. Qadın həyatı budur. Qadın idarəetmədə də, siyasətdə də, ədəbiyyatda da yüksək zirvələrə çıxa bilərdi. Amma məişət elə buxovlayıb ki, onun əl-ayağını, qurtara bilmir. Və üstəgəl, qadın mahiyyəti kişidən fərqli olaraq, məsuliyyətini biləndir. Kişilərin yarıdan çoxu öz övladlarını atıb gedə bilir. Amma dünyada övladını atıb-gedən qadınların faizi 1-i keçmir. Bu, qadının yapısıdır. Allah onu belə yaradıb, o, başqa cür ola bilməz. Bu yapının üstünə yaradıcılıq da gələndə qadının həyatı, ümumiyyətlə, cəhənnəmə çevrilir. Bir qadının, elə kişinin də həm gün-güzəran, dolanışıq peşində olub, həm də böyük əsər yaratması ağır işdir.

Həqiqətən, ölkəmizdə ağır bir proses gedir. Azərbaycandakı qadınların əksəriyyətinə layiq kişi yoxdur! Mən proqressiv təbiətli, yeniliyə meylli qadından danışıram. Mən ona görə Ağabəyim ağadan, Gövhər ağadan, Həmidə xanımdan yazıb demək istəyirəm ki, millətimizin genetikasına, kodlarına, şifrələrinə yenidən baxmaq lazımdır. Biz özümüzü, kimliyimizi öyrənməliyik. Sonra onun qüsurlarından və ya üstünlüklərindən danışmalıyıq".

0