Kinoforum bizə nə vəd  verdi?

MƏDƏNİYYƏT
19:15 / 26.04.2023
1044

Ölkədə ilk dəfə olaraq kinoforum keçirildi. Geriyə nə qaldı, bu tədbir bizə nələr vəd edir?

Teleaparıcı Vüsalə Məmmədova HİT.az-a bildirib ki, görünən tək yenilik yalnız onun birinci dəfə təşkil edilməsi idi:

“Qalan hər şey illərdir eşitdiyimiz söhbətlər: Yenə müasir filmlər sovet kinosu ilə müqaisə edildi… Yenə kinonun müəyyən rüsumlardan azad olunması, güzəştlər təklif olundu… Yenə əcnəbi filmlərin kinoteatrlarda Azərbaycan dilində nümayiş olunmasının vacibliyi vurğulandı… Hətta yenə iki Kino İttifaqının birləşdirilməsi təklif olundu. Sağ olsunlar, Sovet İttifaqının bərpasını da tələb edə bilərdilər, etmədilər. Sadəcə onun mirasının olduğu kimi qorunmasında istəkli göründülər. Hətta bu dəfə bir az irəli gedib “kino və abır-həya” mərhələsinə qədər də çatdıq”.

Bəs kimdir günahkar? Vüsalə xanımın fikrincə, günahkar kommersiya kinosununun yaradıcılarıdır: "Kino sahəsində “quru yurda” gəlib düşən, sıfırdan iş qurmağa çalışan bu gənclər. Qocaman kino xadimlərimiz hər çıxışlarında hansısa formada o gənclərə göndərmələr edirdi… Nəsillərin qarşıdurması hər zaman olub. Ancaq bu dəfə vəziyyət fərqlidir. Qosqoca kinostudiya hissə-hissə satılanda, dövlət sifarişi ilə çəkilən filmlərin taleyi bəlli olmayanda səsi çıxmayan kino xadimləri nə haqla öz tapdığı qəpik-quruşla film çəkməyə cəhd edən gəncləri qınayır?

Filmlər keyfiyyətsizdir? Olsun! Nəhayətində, bu uğursuz filmlər dövlət vəsaiti ilə çəkilməyib. Həqiqətən Azərbaycan kinosunun təəssübünü çəkiriksə, onda kinoteatrlarda nümayiş olunan filmləri sorğuladığımız qədər dövlət sifarişi ilə çəkilib rəflərdə tozlanan filmlərin də hesabatını istəməliyik.

Həm də ki, bu filmlərdə keyfiyyət axtarmaq özü qeyri-peşəkarlıqdır. Çünki bu hələ jurnaldır, o gənclər bütün mümkün vasitələrdən istifadə etməklə kino industriyasını yaratmağa çalışırlar. Kino sonra olacaq. Dəstək versəniz, bir az tez olacaq, yox, elə baxmadan tənqid eləsiniz, “o günü nə biz görəcəyik, nə də bizim balalarımız.

Gəldiyim nəticə budur: nə qədər ki, film haqqında danışanda “biz” yox, “mən” kəlməsi istifadə edilir, o zaman BİZ olmağı bacaran gəncləri tənqid etməkdən başqa heç bir iş görmək mümkün olmayacaq”.

 Murad Məmmədli

0