85 yaşlı Tariyel Qasımov: "İlk məhəbbətim Səfurə xanım olub"

MƏDƏNİYYƏT
18:29 / 14.02.2024
399

Dünən Qazax rayonunda Xalq artisti Tariyel Qasımovun 85 illik yubileyi təşkil olunub. 

Yubiley gecəsinə rayon ictimaiyyətinin nümayəndələri və Tariyel müəllimin sənət yoldaşları qatılıblar.

Hit.az-a açıqlama verən Tariyel Qasımov yaşadığı ömürdən çox məmnun olduğunu, bir sənətkar kimi özünü çox xoşbəxt hiss etdiyini deyib. 

O şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

“Bu sənətə gələndə atam illərlə məndən küsülü qaldı. Əvvəllər qorxumdan ona aktyor olduğumu deyə bilmirdim. Tələbə idim. Biləndə ki, İncəsənət İnstitutuna girmişəm, pulumu kəsdi. Məni Şahmar Ələkbərovun ailəsi dolandırıb. Ona ömürlük vəfa borcum var. Atam bir də şöhrətlənəndən sonra üzümə baxdı, qapını üzümə açdı” deyə aktyor bildirib.

İki dəfə ailə quran Tariyel Qasımovun ilk məhəbbəti isə mərhum aktrisa Səfurə İbrahimova olub.

“Səfurə ilə evlənmədik. Ona aşiq olmuşdum, tələbə yoldaşım idi. Gözəl qızı idi, ürəyimi açdım, yox demədi. Amma ayrıldıq, günah məndə oldu. Dedim, evlənəndən sonra işləməyəcəksən, razılaşmadı. Kim bilir razılıq versəydi ömrünü tənha başa vurmayacaqdı. Qismət  belə imiş”,- deyə aktyor bildirib.

Çox qısqanc  və inadkar xarakteri olduğunu deyən Xalq artisti bildirib ki, 25 yaşında sevərək ailə qursa da,  həyat yoldaşının bir kəlmə sözü xətrinə dəyməklə 37 ildən sonra ondan ayrılıb.

Hazırda qızı ilə danışmır:

“Görünür kəskin xarakterim atamdan qalıb. Üzdə müalyim görünsəm də, bir az tip adamam. Belə gətirdi. Amma indi xoşbəxtəm. Xanımım qayğıma çox qalır. Qazaxda yaşayıram, lazım olanda Bakıya gəlir, rollar olanda qəbul edirəm”,- deyə o bildirib.

Murad

0