Məşhur yazıçı öz həyatı barədə film çəkilməsini istəyir - MÜSAHİBƏ

13:30 / 26.02.2024
609

Məşhur yazıçı Rövşən Abdullaoğlunun eyniadlı romanının motivləri əsasında “Bu şəhərdə kimsə yoxdur” adlı serial çəkilir.

Nə üçün məhz bu roman ekranlaşdırıldı, serial neçə bölüm olacaq? 

Hit.az-ın bu suallarına yazıçı Rövşən Abdullaoğlu özü cavab verib:

- Niyə məhz “Bu şəhərdə kimsə yoxdur” romanının motivləri əsasında serial çəkildi?

- “Bu şəhərdə kimsə yoxdur” ilk psixoloji romanımdır. Üç il ard-arda ölkədə ən çox satılan əsər olub və hələ də milli bestsellerdir. Kitab bir çox dillərə tərcümə edilərək, Amerika, Livan, Türkiyə, Rusiya, Özbəkistan kimi ölkələrdə satışa çıxarılıb. 
Roman Amerikanın dünyada nüfuzlu ədəbi tənqid qurumlarından biri olan "Readers’ Favorite" tərəfindən "beş ulduz" fərqlənmə nişanı ilə təltif edilib.

Ən böyük ədəbi qurumlardan müsbət rəylər alıb. Düşünürəm ki, hər yazıçı əsərinin kino formatını görmək istəyər. Çünki filmin auditoriyası başqadır və insanlara film vasitəsilə də fərqli hisslər yaşatmaq olar. Ona görə də bu, həmişə mənim nəzərimdə olub və belə təklif gələndə dəyərləndirdim.

Lakin, bildiyiniz kimi, əsərdə hadisələr Amerika və Livanda baş verir və ilk problem də elə bununla bağlı yarandı. Azərbaycan reallıqlarını nəzərə alsaq, filmin olduğu kimi çəkilməsi, məxsüsusən də serial formatında çəkilməsi çətin görünürdü. Ona görə belə qərara gəldik ki, əsərin əsas mesajlarını saxlamaq şərtilə bəzi hissələrində düzəlişlər edək. Beləliklə, mən müəyyən hissələri genişləndirməklə, günümüzün aktual problemlərini qabartdım və nəticədə 40 bölümdən ibarət serial ərsəyə gəldi. Düşünürəm ki, çox da uğurlu alındı. İnanıram ki, tamaşaçıların da gözləntilərini doğruldacaq. 

-  Siz dünyanın müxtəlif ölkələrində səyahətdə olmusunuz, çoxlu macəra dolu səfərləriniz olub. Dünya səyahətləriniz barədə sənədli və ya onların əsasında hər hansı filmin hazırlanması planlaşdırılırmı?

- Hələ bu barədə təklif gəlməyib, lakin vurğulamalıyam ki, kitablarımın ərsəyə gəlməsində səyahətlərimin rolu böyükdür. Ümumiyyətlə, səyahət mənim fəaliyyətimin bir hissəsidir. Oxucularım da məndən avtobioqrafik əsər yazmağımı istəyirlər, hətta bunu gözləyirlər. Elə özüm də uşaqlığımdan başlayaraq, keçdiyim həyat yolumu, səyahətlərimi, fəaliyyətimi qələmə almağı düşünürəm. Odur ki əgər fəaliyyətim, səyahətlərimlə bağlı sənədli film çəkilməsi təklif olunarsa, bunu da  qəbul edər, ssenarisini də sevərək işləyərəm".

Murad

 

0