İçkiyə görə işdən qovuldu, ac qaldı, qızının ad günündə öldü – “Qırçı Məhəmməd”in film kimi həyatı

MƏDƏNİYYƏT
18:40 / 20.06.2020
3085

Bu gün maraqlı aktyor Fazil Salayevin anım günüdür.

HİT.Az Kulis.az-a istinadən bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.

***

Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.


***


Rəssamlığın sonuncu kursunda, 23 yaşı tamam olanda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.


Fəridə xanım həyat yoldaşının rəssam olduğunu bilsə də, onun aktyorluğa olan marağından xəbərsiz imiş. Heç atası İdris Salayev də Fazilin aktyor olacağını ağlına belə gətirməyib. Dövrünün sayılıb-seçilən ziyalılarından olan İdris bəy oğlunun “mütrüb” adlandırılmasını istəmirdi. O həm də müxtəlif vəzifələrdə çalışmışdı. Üstəlik, Fazil ailənin yeganə övladıydı.

***


Ancaq Fazil sənədlərini o vaxtkı Teatr İnstitutuna verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto idi. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı.

***

Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra dram teatrından gedir. Musiqili Komediya Teatrında işə düzəlir.

***

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Ulduz” filmində müxbir rolunu oynayır. Ardınca “Alma almaya bənzər”, “Bir cənub şəhərində”, “Dərviş Parisi partladır” kimi filmlərdə yaddaqalan obrazlar yaradır. “Azdrama”dan küsüb getdiyi illərdə isə “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.

1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan” filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır.

***

Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:

“Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Fazil evin vur-tut bircə uşağı olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik, üç qardaşın evində yeganə uşağıydı. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu, mənim də. Heç inanın, teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Pianino çalmağı, oxumağı aləmiydi. Hədsiz istedadlıydı. Açıq-saçıq danışan, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc… Bir az da cavanlığıydı, indiki ağlım hardanıydı. Necə deyərlər, çox fərqimiz vardı… Fazilin ana babasının da artistliyi varmış. Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş. Görünür, babasına çəkib”.

Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında deyir:


“Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı “filan aktyor” idi. “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı… Onun “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans… O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı”.

***

Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün “Araşdırın” filminə Fazil Salayevi çəkir.

***

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nur həmkarı Fazil Salayevlə tanışlığını belə xatırlayır:

“Mən tələbə olanda Fazil Salayev “Azdrama” işləyirdi. O vaxt teatrın direktoru bizim kurs rəhbərimiz rejissor Əliheydər Ələkbərov idi. Dərslərin çoxunu teatrda keçirdik, imtahan vaxtı ora gedirdik. O, Allahın möcüzəli, istedadlı aktyor idi. Fazil “Azdrama”da elə də böyük rollar oynamayıb. Məsələn, “Ölülər”də Cəlalı oynayırdı. Digər tamaşalarda da epizodik rollardaydı. Ancaq qeyri-adi koloritli, duzlu aktyor idi. Kinostudiyada da tez-tez görüşürdük, çay içirdik. Nə qədər istedadlı olsa da, onu layiqincə qiymətləndirmədilər. Hətta kateqoriyasını artırmırdılar ki, normal maaş alsın”.

Deyilənlərə görə F.Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur.

***

İsrafil İsrafilov Fazil Salayev haqqında deyir: “Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meyilli olmasıydı. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Onu komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi. Tofiq Kazımov onu çox istədiyindən bəzi səhvlərinə göz yumurdu. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu “Azdrama”dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi “Muskomediya”, necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra “Azdrama”ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı”.

İndiki qış bulvarının yerləşdiyi ərazidə yaşayırdı. Olduqca saf, qonaqpərvər, mehriban, hətta deyərdim ki, sadəlövh idi. Mən yaşlı nəsil aktyorların əksəriyyətini görmüşəm. İkinci belə uşaq kimi saf aktyor olmayıb. Teatrın adamı bir balaca korlamağı olur. Müxtəlif rollar oynadığı üçün aktyorlar peşə xəstəliyinə tutulurlar. Simasızlıq onların peşəkar xəstəliyidir. O, nadir adamlardan idi ki, simasını dəyişməmişdi, peşə xəstəliyi yox idi. Ən parlaq rolunda da özünü heç kimdən üstün tutmurdu. Onu aldatmaq çox asan idi və aktyorlar bəzən onunla zarafatlaşırdılar”.

***

Fazil Salayevin küsülü olduğu həmkarı olmasa da, “Azdrama”da xoşu gəlmədiyi bir nəfər varmış. İsrafil İsrafilovun dediklərindən:

“Heç kimlə küsülü deyildi, ancaq xoşu gəlmədiyi adamlar var idi. Məsələn, teatrın rekvizit sexində işləyən bir nəfərin Fazilin “Azdrama”dan getməyində böyük “rolu” olmuşdu. O, təkcə Fazili yox, Səməndər Rzayevi də rəhbərliyə “satırdı”. Çünki hər ikisi tamaşalara içkili gəlirdilər. Aktyorların əksəriyyətinin belə qüsurları olub.

Deyilənə görə yşaq kimi saf və təmiz xarakterli adam olub. Hətta o qədər saf adam olub ki, aktyorların bəziləri onunla zarafatlaşırmışlar. Ən yaxın dostu Yaşar Nuri və Səməndər Rzayev olub. Aktrisalardan isə Nəcibə Məlikova onu öz övladı, qardaşı kimi çox istəyib. Nə zaman onun yemək yemədiyini bilsə, otağına çağırıb ona yemək və çay verərmiş.

***

Fazil “Molla Cəbi” tamaşasında Əliağa Ağayevlə tərəf müqabil olub. Əliağa Ağayev deyirmiş ki, "Fazil orada elə xırdalıqlar edirdi ki, mən özümü itirmişdim. Onun ifasına valeh olmuşdum, öz rolum yadımdan çıxmışdı”.

***

Deyilərnlərə görə bir dəfə də Fazil evə sərxoş gəlir. Bunun xanımı da çox cüssəli qadın olub. Qadın görür ki, Fazil özü gedib yata bilməyəcək. Onu qucağına alıb yerinə atır. Uşaqları qışqırırlar ki, “papa letit, papa letit”. Səhəri gün özü başına gələni dostlarına danışıb gülürmüş.

***

Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.

0
Moderator.az