ABŞ mənbələri Suriya üsyançılarının Qarabağa çıxarılmasını və Türkiyə F-16-larının döyüşlərə cəlb edilməsini təsdiqləmir

SİYASƏT
14:27 / 02.10.2020
739

Cənubi Qafqazla məşğul olan iki amerikalı məmur anonimlik şəraitində TURAN-ın Vaşinqtondakı müxbirinə bildirib ki, onlarda Suriya üsyançılarının Dağlıq Qarabağda yerləşdirilməsini təsdiqləyən “informasiya və ya kəşfiyyat məlumatları yoxdur”.

Onlar “hərbi əməliyyatlarda iştirak etmək üçün əsasən Suriya, Livandan Dağlıq Qarabağ zonasına qanunsuz silahlı birləşmələrin çıxarılması” barədə Rusiya XİN-in çərşənbə günü yaydığı məlumatı belə şərh ediblər.

Bundan əlavə, Dövlət Departamentinin yüksək vəzifəli məmuru Türkiyənin F-16 təyyarəsinin ermənilərin hərbi təyyarəsini vurması barədə Ermənistan XİN-in bəyanatını təsdiqləməyib. 

“Bununla bağlı heç bir məlumatım yoxdur. Hazırda məndə bunu təsdiqləyəcək heç bir fakt yoxdur”, - diplomat Turan agentliyinə bildirib.

Bu həftənin əvvəlində dövlət katibi Pompeonun Yunanıstana səfərindən sonra Dövlət Departamentinin yüksək vəzifəli məmuru “türkiyəli həmkarları ilə görüşmək üçün iki günlüyə” İstanbul və Ankaraya səfər edəcək. Görüşlərdə Qarabağ münaqişəsi də daxil olmaqla, regional məsələlər müzakirə ediləcək.

0