Böyük Britaniyanın lüks yolsuzluq avtomobilləri istehsalçısı “Land Rover” özünün performans seqmentindəki flaqman modeli olan “Range Rover”in yeni versiyasını təqdim edib.
Hit.az xəbər verir ki, söhbət “Range Rover Sport” modelindən gedir.
Adıçəkilən avtomobilin tam elektrikli versiyasını rəsmən ictimaiyyətə nümayiş olunub. Brendin elektrik erasındakı ən iddialı addımlarından biri hesab olunan bu yeni model kapotunun altındakı güc aqreqatı sayəsində seriyanın bu günədək istehsal etdiyi ən yüksək fırlanma anını (tork) təqdim edir.
Elektrikli “Range Rover Sport” texniki göstəriciləri və dinamikası ilə diqqət çəkir. Belə ki, iki elektrik mühərrikindən bəslənən model 550 at gücü və 850 Nm tork hasil edir. Bu yüksək güc göstəricisi sayəsində nəqliyyat vasitəsi 0-dan 100 km/saat sürəti cəmi 4,3 saniyəyə yığır. Eyni zamanda, istehsalçı modelin 450 at gücünə malik daha mülayim versiyasını da təklif edir.
Bundan başqa, avtomobildə 800 voltluq arxitekturaya malik 118,5 кVt/saatlıq lityum-ion batareya blokundan istifadə olunub. Bu sistem WLTP standartlarına əsasən tək şarjla 609 kilometrədək məsafə qət etməyə imkan verir. Üstəlik, 350 кVt-lıq sabit cərəyanlı (DC) sürətli şarj dəstəyi sayəsində batareya enerjisini cəmi 22 dəqiqə ərzində 10%-dən 80%-ə qədər bərpa edir.
Əvvəlki modellərlə müqayisədə burulma sərtliyi 61% artırılan və ağırlıq mərkəzi 73 mm aşağı salınan avtomobil pnevmatik asqı və elektron aktiv gövdə idarəetmə sistemi ilə təchiz edilib. Bu da dönmələrdə və çətin yol şəraitində üstün sabitlik təmin edir.
Eksteryer dizaynında ikonik xətlərini qoruyub saxlayan elektrikli model qapalı ön radiator barmaqlığı və yenilənmiş diskləri ilə seçilir. Avtomobilin lüks kabinəsində isə qövsvari multimediya ekranı, rəqəmsal göstəricilər paneli və birinci sinif dəri tərtibatı yer alır.
Hələlik rəsmi satış qiyməti açıqlanmayan “Range Rover Sport Electric”in daxili yanma mühərrikli versiyalarla oxşar komplektasiya səviyyələrində satışa çıxarılacağı gözlənilir.
Pərviz



