Rusiya və Belarus miqrantları Aİ-yə qarşı necə istifadə edir?

DÜNYA
14:00 / 02.10.2026
43

Rusiya və Belarusun Yaxın Şərq və Afrika ölkələrindən olan miqrantların Avropa İttifaqına keçidini asanlaşdırdığı iddia olunur.

HİT.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin məlumatına görə, yalnız 2026-cı ildə Latviyaya minlərlə miqrant gəlib. Onlardan 11 mindən çoxuna ölkəyə giriş və ya qalmaqla bağlı imtina verilib. Bu göstəricinin davamlı artdığı bildirilir. Müqayisə üçün, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən əvvəl analoji rəqəmlər təxminən üç dəfə az olub.

Latviya rəsmilərinin sözlərinə görə, Rusiya və Belarus Yaxın Şərq və Afrikadan olan insanları müxtəlif vədlərlə öz ərazilərinə cəlb edir. Bəzi hallarda Moskvaya və ya Minskə çarter reysləri belə təklif olunur. Daha sonra miqrantların Litva, Latviya, Polşa və digər Avropa ölkələri ilə sərhədlərə daşındığı bildirilir.

Miqrantlar Latviyaya daxil olduqdan sonra insan alverçiləri və qaçaqmalçılarla əlaqə yaradaraq Qərbi Avropaya doğru hərəkət etməyə çalışırlar.

Latviya rəsmiləri hesab edir ki, bu sxem Qərb ölkələrində gərginlik yaratmaq məqsədi daşıyır. Bildirilir ki, Rusiya xüsusilə Latviyada parlament seçkiləri ərəfəsində miqrasiya məsələsindən istifadə etməyə çalışa bilər.

Kreml isə bu iddiaları ya rədd edir, ya da onlara münasibət bildirmir.

Baş verənlər fonunda Latviya Belarusla sərhədin mühafizəsini gücləndirib. Sərhəd boyunca hündür metal hasar, tikanlı məftillər, kameralar, dronlar və hərəkət sensorları quraşdırılıb. Ərazidə çevik müdaxilə qruplarının patrul xidməti də təşkil olunub.

Latviya rəsmiləri miqrant axınının Qərbdə fikir ayrılıqları yaratmağa yönəlmiş daha geniş strategiyanın bir hissəsi olduğunu iddia edirlər. Onların fikrincə, məqsədlərdən biri Avropa ölkələrinin polis, hərbi və təhlükəsizlik resurslarını əlavə yük altında saxlamaqdır.

Samir

0