Atlantic Council: Ukrayna ABŞ qazı üçün Avropanın əsas anbarına çevrilə bilər

DÜNYA
13:13 / 02.10.2026
58

Ukrayna ABŞ-dan Avropaya ixrac olunan mayeləşdirilmiş təbii qazın (LNG) saxlanılması və regiona paylanması üçün əsas mərkəzlərdən birinə çevrilə bilər.

HİT.az xəbər verir ki, "Atlantic Council"ın təhlilinə görə, Rusiya ordusunun 2025-ci ildə Ukraynanın daxili qaz hasilatı infrastrukturuna hücumları ölkənin hasilat gücünün 60 faizə qədərini sıradan çıxarıb. Bundan sonra “Naftogaz” qaz idxalı strategiyasını dəyişərək ABŞ LNG-sinin alınmasını əhəmiyyətli dərəcədə artırıb.

Hazırda “Naftogaz” ABŞ LNG-sinin idxalı üçün dörd ayrı marşrutdan istifadə edir. Bunlara Polşadakı Svinuysçe terminalı, Litvanın Klaypeda terminalı, Almaniyanın Mukran şəhərindəki üzən terminal və Yunanıstanın Revithoussa terminalı daxildir.

Atlantic Council Ukraynanın Avropanın ən böyük yeraltı qaz anbarı sisteminə malik olduğunu vurğulayır. Ölkənin anbarlarının ümumi tutumu 30 milyard kubmetrdən çoxdur.

Təhlilə görə, anbarların böyük hissəsinin Ukraynanın qərbində, Avropa İttifaqı sərhədinə yaxın ərazilərdə yerləşməsi onların regional enerji infrastrukturu baxımından əhəmiyyətini artırır.

Ekspertlər hesab edir ki, logistika və təhlükəsizlik problemlərinin həlli ilə Ukraynanın qaz anbarları ABŞ qazının Mərkəzi və Şərqi Avropaya paylanması üçün mühüm mərkəzə çevrilə bilər.

Atlantic Council-ın məlumatına əsasən, Avropanın bu il LNG idxalının təxminən üçdə ikisinin ABŞ-dan gəlməsi gözlənilir. Bu halda ABŞ Norveçi geridə qoyaraq qitənin ən böyük LNG təchizatçısına çevrilə bilər.

Ukraynanın qaz anbarları və idxal terminalları şəbəkəsinin genişləndirilməsi isə bu mövqenin möhkəmləndirilməsinə kömək edə bilər.

Məqalədə bu proses ABŞ-ın “Üç Dəniz Təşəbbüsü” ilə də əlaqələndirilir. Baltik, Adriatik və Qara dənizlər arasında yerləşən 13 Aİ ölkəsini birləşdirən təşəbbüs Mərkəzi və Şərqi Avropada şimal-cənub istiqamətində yeni enerji infrastrukturu yaratmağı nəzərdə tutur.

Atlantic Council hesab edir ki, Ukraynanın bu layihədə qazın saxlanılması baxımından əsas tərəfdaşlardan birinə çevrilməsi ABŞ, Ukrayna və Avropa üçün iqtisadi və enerji baxımından yeni imkanlar yarada bilər.

Məqalədə qeyd olunur ki, Ukraynanın qaz anbarlarından daha geniş istifadə Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmaq və regionda alternativ qaz təchizatı marşrutlarını gücləndirmək baxımından əhəmiyyətli ola bilər.

Samir

0