Paşinyanın başına gələnlərdən hələ xəbəri yoxdur?

SİYASƏT
12:18 / 07.10.2020
3028

Ermənistan baş naziri  Nikol Paşinyan dünən BBC Dünya xidmətinə verdiyi müsahibədə özünü yenə istehza və ironiya obyektinə çevirib. Virtualaz.org xəbər verir ki, Paşinyan BBC aparıcısı Con Fişerin Qarabağa dair tutarlı sualları qarşısında özünü itirib, arqumentləşdirilmiş cavablar verə bilməyib və küncə sıxılıb.

Aparıcının  ona  dediyi “İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib” sözləri qarşısında daha da çətin duruma düşdüyünü görən Paşinyan cavab verməyə söz tapa bilməyib. “Üzr istəyirəm bu, həqiqətə uyğun deyil” deməklə kifayətlənsə də, jurnalistin ard-arda “Bu, həqiqətə uyğundur. Beynəlxalq hüquqa, BMT Baş Assambleyasının bəyannamələrinə baxın”, “BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir. Gəlin bunu dəqiq qeyd edək” deyə Paşinyanı dalana dirəyib. O, cavabında hansısa məntiqsiz frazalar işlədib, vəziyyətdən çıxmağa çalışsa da alınmayıb.

Daha sonra aparıcı Paşinyana danışıqlar prosesini tamamilə mənasız edən məlum sərsəm bəyanatını (“Qarabağ Ermənistandır, nöqtə”) xatırladıb. Ordusu Qarabağda məğlubiyyətə uğrayan və darmadağın edilmək üzrə olan Paşinyan isə yenə həmin sözünün üstündə durduğunu deyib. Bildirib ki, “Qarabağ Ermənistandır, çünki orada ermənilər yaşayır”. Amma Paşinyan iki əvvəl olduğu  kimi həmin frazasının sonuna nöqtə qoymağa cəsarət etməyib.

Ermənistan baş naziri daha əvvəl BBC-nin “Hard Talk” proqramında da aparıcının Qarabağa dair tutarlı sualları, obyektiv arqumentləri qarşısında aciz qalıb kəkələmişdi. Tamamilə biabır olmuşdu və ölkəsində ciddi tənqidlərlə üzləşmişdi.

Əslində Ermənistan baş nazirinin Qarabağa dair bu cür tutarlı və obyektiv suallar, faktlar qarşısında özünü itirməsi təkcə Paşinyanın siyasətçi kimi, dövlət başçısı kimi yararsız olmasından irəli gəlmir. Ermənistanın Qarabağ məsələsində haqsız olduğu o dərəcədə aydındır ki, Paşinyan deyil, bir başqası da işğalçı ölkənin mövqeyini bu cür tutarlı arqumentlər, danılmaz faktlar qarşısında müdafiə etməkdə aciz qalardı. Hərçənd Paşinyandan əvvəlki Ermənistan rəhbərlərinin bu cür mövzularda daha hiyləgər, daha diplomatik danışdıqları da məlumdur. Onlar Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların geri qaytarılmalı olduğunu heç vaxt, danışıqların heç bir mərhələsində şübhə altına almamışdılar və bu haqda heç vaxt publik bəyanatlarla çıxış etməzdilər.

Paşinyan isə bütün nizamlama prosesinin üstündən xətt çəkib “Qarabağ Ermənistandır, nöqtə” dedi və indi telefonu əlindən yerə qoymur, acizanə şəkildə hər gün dünya liderlərinə zəng vurub kömək istəyir. Beynəlxalq mediada var gücü ilə hay-küy qaldırmağa, “Türkiyənin birbaşa hücumu ilə üzləşdiklərinə” hamını inandırmağa çalışır. Paşinyan üçün bu vəziyyətdən çıxmağın yolunu isə Azərbaycan prezidenti İlham Əliyev iki gün əvvəl xalqa müraciətində dəqiq göstərmişdi-“Qarabağ Ermənistan deyil” bəyanatı vermək işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasının dəqiq qrafikini təqdim etmək. Əks halda nə baş verəcəyi Paşinyana deyəsən hələ çatmayıb...

0
Virtualaz.org