Avropa İttifaqı və üzv dövlətləri 2022-ci ildən Ukraynaya 220,3 milyard avro maliyyə, iqtisadi, hərbi və humanitar yardım göstərib.
HİT.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi portalında məlumat verilib.
Şuranın məlumatına görə, ümumi məbləğin 107 milyard avrosu Aİ büdcəsindən ayrılıb və ya onun zəmanətləri ilə təmin edilib. Daha 77 milyard avro hərbi yardıma, 17 milyard avro Aİ ərazisində yaşayan ukraynalı qaçqınların dəstəklənməsinə yönəldilib. Üzv dövlətlər isə birbaşa 15,5 milyard avro yardım göstəriblər.
Bundan əlavə, 3,8 milyard avro Aİ-də dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilib.
Avropa Komissiyası avqustun 24-də Ukraynaya silah alınması üçün 6,1 milyard avro ayrılmasını təsdiqləyib. Bu vəsait hava hücumundan müdafiə sistemləri, raketlər, sursat və radarların alınmasına yönəldiləcək.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini 2027-ci il üçün nəzərdə tutulan kreditin bir hissəsini vaxtından əvvəl ayırmağa çağırıb. Onun sözlərinə görə, bu vəsait büdcə kəsirinin bağlanmasına və ordunun silahla təmin edilməsinə imkan verə bilər.
Zelenskinin ofisində həmçinin bildirilib ki, Ukrayna Müdafiə Nazirliyi ilin sonuna nəzərdə tutulan vəsaitləri artıq pilotsuz uçuş aparatlarının alınmasına və “digər təxirəsalınmaz müdafiə ehtiyaclarına” xərcləyib.
Samir


