Azərbaycan – Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ

SİYASƏT
14:49 / 24.08.2026
322

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli və çoxşaxəli əlaqələrin inkişafında yeni bir mərhələnin əsasını qoyur”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu səfər iki qardaş türk dövləti arasında tarixi, mədəni, siyasi və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə, eyni zamanda türk dünyasının tam birliyinə və qlobal güc mərkəzinə çevrilməsi prosesinə xidmət edir:


“Mərkəzi Asiyanın beş dövlətinin bir araya gəlməsi fonunda Azərbaycanın bu proseslərdəki rolu xüsusi vurğulanmalıdır. Mərkəzi Asiya ölkələri üçün Azərbaycansız Avropaya və Qərbə çıxış problemlərinin həlli, eləcə də regionda güclərin birləşdirilməsi mümkün deyil. Məhz bu səbəbdən Azərbaycan əvvəlcə müşahidəçi qismində, daha sonra isə tamhüquqlu tərəfdaş kimi bu formata qoşulub. “C” konsepti də regionun güc mərkəzinə çevrilməsinin göstəricisidir”.

Siyasətçi qeyd edib ki, Qərbdən Şərqə və Şərqdən Qərbə uzanan marşrutların kəsişməsində yerləşən Azərbaycan, qədim İpək Yolunun müasir analoqu olan Orta Dəhlizin qızıl məntəqəsidir:
“Qədim dövrlərdən Bərdə, Şamaxı, Dərbənd və Bakı kimi şəhərlərimiz ticarət qovşağı olduğu kimi, bu gün də Azərbaycan həmin strateji mərkəz rolunu uğurla davam etdirir. İki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilə öz siyasi çəkisinə görə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə eyni səviyyədədir. 

Bu sənəd tərəflərin bir-birinə arxa-dayaq olmasını, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etməsini və müntəzəm siyasi məsləhətləşmələr aparmasını təmin edir. Həmçinin, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması da çox böyük əhəmiyyətə malikdir”.

Partiya sədri diqqətə çatdırıb ki, bəzi xarici qüvvələrin təsirinə baxmayaraq, Şərq müdrikliyi ilə hərəkət edən Mərkəzi Asiya dövlətləri və Azərbaycan öz strateji seçimlərini ediblər: 
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim ailəmiz türk ailəsidir” prinsipi əsasında əbədi dostluq və qardaşlıq ittifaqı formalaşır. Bundan başqa, iqtisadi alanda əməkdaşlıq sadəcə idxal-ixrac əməliyyatları ilə məhdudlaşmır; tərəflər birgə istehsal müəssisələrinin yaradılması və istehsal olunan məhsulların dünya bazarlarına birgə çıxarılmasını hədəfləyirlər. 

Təhsil, mədəniyyət, quruculuq və bərpa işləri sahəsindəki intensiv əlaqələr Azərbaycan-Özbəkistan tərəfdaşlığını həm Türk və müsəlman dünyası, həm də digər regional aktorlar üçün nümunəvi bir modelə çevirir. Bu uğur Azərbaycan diplomatiyasının ən böyük nailiyyətlərindən biridir”.

Elmir Mustafa

0