Okean alimlərinin balinaların hərəkətini izləmək üçün istifadə etdiyi proqram suda səsin yayılma sürətini aşan siqnallar qeydə alıb. İlk olaraq bunun proqram təminatındakı səhv olduğu düşünülsə də, sonradan hadisənin dalğaların interferensiyası ilə bağlı olduğu müəyyənləşdirilib.
HİT.az xəbər verir ki, dəniz bioloqları okeanın dərinliklərində balinaların hərəkətini izləmək üçün dəniz dibində yerləşdirilən hidrofon şəbəkələrindən istifadə edirlər. Müxtəlif qəbuledicilərə çatan səs siqnalları arasındakı zaman fərqi hesablanaraq balinanın dəqiq yeri müəyyən edilir.
Lakin Pensilvaniya Universitetinin okeanoloqu Con Spiesberger Massaçusets sahillərində məlumatları təhlil edərkən qeyri-adi nəticə ilə qarşılaşıb. Hazırladığı proqram balinaların səslərinin suda normal səs sürətindən daha sürətlə yayıldığını göstərib.
Tədqiqatçı əvvəlcə bunun proqram təminatındakı texniki xəta olduğunu düşünüb. Lakin kodu ətraflı yoxladıqdan sonra heç bir səhv aşkar etməyib.
Spiesberger və Woods Hole Okeanoqrafiya İnstitutundan Yucin Terray hadisənin səbəbini araşdıraraq bunun səsin həqiqətən sürətini artırması ilə bağlı olmadığını müəyyən ediblər.
Məsələ balina səthə yaxın üzərkən yaranan səs dalğalarının üst-üstə düşməsi ilə əlaqədardır.
Balina tərəfindən yayılan birbaşa səs dalğası ilə suyun səthindən əks olunan səs dalğası hidrofonun üzərində eyni vaxtda birləşə bilir. Bu zaman dalğaların qarşılıqlı təsiri siqnalın formasını dəyişir və onun zirvə nöqtəsi qəbulediciyə daha tez çatmış kimi qeydə alınır.
Nəticədə cihaz səsin olduğundan daha sürətli yayıldığı təəssüratını yaradır.
Alimlərin diqqətini çəkən əsas məqam isə bu akustik hadisənin Albert Eynşteynin xüsusi nisbilik nəzəriyyəsində təsvir olunan dalğa interferensiyası effektləri ilə uyğunluğudur.
Yəni burada fizika qanunları pozulmur. Sadəcə dalğaların bir-biri ilə qarşılıqlı təsiri onların yaratdığı siqnalın zirvəsinin hərəkətini səsin öz hərəkətindən daha sürətli göstərə bilir.
Tədqiqatçılar bu fenomeni su altında əlavə təcrübələrlə yoxlamağı planlaşdırırlar. Növbəti mərhələdə isə oxşar dalğa interferensiyası effektinin səs deyil, işıq dalğaları ilə sınaqdan keçirilməsi nəzərdə tutulur.
Samir


