Qeyri-adi layihə: Vulkan lavaları tikinti materialına çevrilə bilər

DÜNYA
18:59 / 24.08.2026
32

İslandiyada memarlar vulkan püskürmələri nəticəsində yaranan nəhəng lava sahələrindən gələcəyin tikinti materialı kimi istifadə etməyi təklif ediblər.

HIT.az xəbər verir ki, paytaxt Reykyavikdə fəaliyyət göstərən “s.ap arkitektar” şirkətinin təsisçisi Arnhildur Palmadsottir və oğlu Arnar Skarfeyinson bu ideyanı ilk dəfə 2018-ci ildə, 2014-2015-ci illərdə baş verən Holuhraun vulkan püskürməsindən sonra irəli sürüblər.

İslandiyanın Qrindavik şəhəri yaxınlığında 2023-cü ilin dekabrından etibarən doqquz vulkan püskürməsi qeydə alınıb. Nəticədə əraziyə böyük həcmdə lava yayılıb. Memarlar hesab edirlər ki, bu təbii materialdan istifadə etməklə ənənəvi tikintidə geniş tətbiq olunan beton və poladın müəyyən hissəsini əvəz etmək mümkündür.

Palmadsottirin sözlərinə görə, lava əslində sement əlavə edilməmiş ərimiş betona bənzəyir. Onların fikrincə, düzgün texnologiya tətbiq olunarsa, lava axınlarından şəhərlərin bünövrələrinin tikintisi üçün kifayət qədər material əldə etmək olar.

Layihədə insanların ərimiş lava ilə birbaşa işləməsi nəzərdə tutulmur. Yüksək temperatur səbəbindən bu işlərin robotlar vasitəsilə aparılması planlaşdırılır. 3D çap, idarə olunan lava axınları və xüsusi soyutma kameralarından istifadə etməklə ərimiş süxurun müxtəlif formalara salınması təklif edilir.

Memarlar vulkanik bazaltın bəzi növlərinin yüksək möhkəmliyə malik olduğunu bildirirlər. Xüsusilə kristallaşmış sütunvari bazaltın gələcəkdə konstruksiya materialı kimi istifadə edilə biləcəyini düşünürlər.

Lakin layihənin yaxın gələcəkdə reallaşması gözlənilmir. Müəlliflər bu texnologiyanın təxminən 2150-ci ildən əvvəl praktik istifadəyə veriləcəyini düşünmürlər. Buna baxmayaraq, ideya tikinti sektorunun beton və polad kimi ətraf mühitə ciddi təsir göstərən materiallardan asılılığını azaltmaq üçün perspektivli yanaşmalardan biri hesab olunur.

Samir

0