Endirim, yoxsa qiymət oyunu?: Müştərilər belə ALDADILIR

İQTİSADİYYAT
21:18 / 24.08.2026
40

Mövsüm dəyişikliyi ilə əlaqədar hazırda demək olar ki, bütün mağazalarda endirim kampaniyaları keçirilir. Endirimlər müştəri cəlb etməyin ən asan yollarından biridir. Lakin bəzi hallarda endirim adı altında satılan məhsulun heç də endirimli qiymətə təklif olunmadığı müşahidə edilir. Belə ki, kampaniyadan əvvəl qiymətlər süni şəkildə artırılır, daha sonra isə məhsul endirim adı ilə əvvəlki qiymətinə satışa çıxarılır. Nəticədə müştəri endirim əldə etdiyini düşünərək alış-veriş edir.

Maraqlıdır, hazırda təklif olunan endirimlər fonunda "qazanan" müştərilər olur, yoxsa daha çox məhsul satan sahibkarlar? Məhsulun həqiqətən endirimdə olub-olmadığını necə müəyyənləşdirmək olar?

İqtisadçı Vüsalə Əhmədova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yaxşı qurulmuş kampaniyanın əsas məqsədi sahibkarın satış dövriyyəsini və ümumi mənfəətini qorumaq və ya artırmaqdır. 

Onun sözlərinə görə, sahibkar üçün endirim çox vaxt sadəcə "məhsulu ucuz satmaq" demək deyil, daha çox anbarda qalan məhsulu pula çevirmək məqsədi daşıyır:

"Belə ki, mövsüm dəyişəndə əvvəlki mövsümün mallarını saxlamaq sahibkar üçün əlavə xərc yaradır. Endirimlə həmin stok tez bir zamanda satılır. Həmçinin müştəri endirimli məhsula görə mağazaya daxil olduqda nəticədə digər məhsullara da baxıb alış-veriş edə bilər. Bu baxımdan endirim müştəri cəlbetmə aləti olmaqla yanaşı, çox ciddi satış strategiyasıdır. Akademik araşdırmalar da müxtəlif promosyon növlərinin tələbə, mənfəətə, orta qiymətə və istehlakçı faydasına fərqli təsir etdiyini göstərir.

Bəs "70 faiz endirim" həqiqətən 70 faizdirmi? Ən maraqlı məsələ məhz budur. Məsələn, məhsul əvvəl 100 manat olub, kampaniyadan bir müddət əvvəl 150 manata qaldırılıb və daha sonra 33 faiz endirimlə yenidən 100 manata satılırsa, bu zaman real endirimdən bəhs edə bilmərik. Ona görə də müştərilər bir qədər "gözüaçıq" olmalıdırlar".

İqtisadçı tövsiyə edir ki, müştərilərin diqqət etməli olduqları əsas göstərici "endirim faizi" deyil, məhsulun real bazar qiyməti olmalıdır.

"Əgər endirim real qiymət azalmasıdırsa, məhsulun keyfiyyəti və əvvəlki bazar qiyməti dəyişdirilməyibsə, müştəri bundan qazana bilər. Əks halda isə əsla qazanmır. Sahibkar üçün isə düzgün hesablanmış endirim kampaniyası hər zaman gəlirli olur. Endirim satış həcmini, stok dövriyyəsini və müştəri axınını artırırsa, sahibkar məhsulu daha ucuz satmasına baxmayaraq, ümumi mənfəətini artıra bilər", - deyə müsahibimiz əlavə edib.

0