Paşinyanın Qarabağa təcili gəliş-gedişin sirri: "Son səfəridir..." 

SİYASƏT
14:24 / 07.10.2020
4248

Ermənistan-Azərbaycan arasında yaşanan gərginliyin başlamasından bu yana Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə əlaqələrini genişləndirməyə cəhd edir. Bir sıra Avropa ölkələrinə, beynəlxalq təşkilatlara müraciət edən Paşinyan istədiyi nəticəni ala bilmir və siyasi arenada tək qalıb. 

Ötən gün isə onun yenidən işğal altındakı Qarabağa təcili səfər edib Yerevana qayıtması ilə bağlı məlumat yayılıb.

Ermənistan Baş nazirinin bu tələm-tələsik gedişinin məqsədi nə idi?

Mövzu ilə bağlı araşdırmaçı jurnalist Bəybala Mirzəyev "MediaPost"a açıqlama verib. O bildirib ki, Xankəndinə gəldiyi bildirilən Paşinyan separatçı rejimin qondarma rəhbərliyi ilə təcili iclas keçirərək, cəbhədə yaranmış acınacaqlı situasiyanı müzakirə edib:

"Cəmi bir neçə saat davam edən sözügedən səfərin iki məqsədi ola biləcəyi ehtimal edilir. Birinci versiya budur ki, Paşinyan Qarabağdakı xunta rejiminə ürək-dirək verməyə və sona qədər döyüşməyin lazım gəldiyini onlara diqtə etməyə gedib. Görünən budur ki, onun geri çəkilmək, təslim olmaq fikri yoxdur. Paşinyan bir tərəfdən dünya liderlərinə zəng vurub yalvarır, onlardan Azərbaycanı durdurmağı xahiş edir. Ancaq digər tərəfdən isə bizi terrorçu adlandırır və ermənilərin patriotik hissləri ilə oynayaraq onları bizə qarşı savaşa kökləməyə çalışır. Onun geri çəkilmək fikrinin olmaması, BBC-yə verdiyi müsahibədən də görünür. Lakin TASS-a verdiyi açıqlama isə BBC-yə verdiyi müsahibə arasında kəskin təzad, ziddiyyət var.

İkinci versiyaya görə isə, Paşinyan artıq 10 günlük savaşda uduzduğunu dərk edir və hazırkı acınacaqlı vəziyyətdən yeganə çıxış yolunun Azərbaycanın qarşısında müəyyən güzəştlərə gedilməsi ola biləcəyini düşünür. Ancaq bu zaman Azərbaycan tərəfinin də hansısa güzəştlərə getməsini istəyir.

Paşinyan güzəştlərə hazır olması barədə bu gün Rusiyanın TASS agentliyinə açıqlamasında da fikir səsləndirib. O deyib ki, "Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa. Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir".

Bu da Paşinyanın növbəti hiyləsidir. O bununla növbəti dəfə Azərbaycandan vaxt almaq, nəfəsini dərmək istəyir. Başqa sözlə desək, Paşinyan vaxt udmaq istəyir. Böyük ehtimalla, bu, Paşinyanın Qarabağımıza sonuncu səfəri olacaq. Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdikdən sonra isə Paşinyanların, Köçəryanların, Sarkisyanların ayağı bir də bu yerlərə dəyməyəcək".

0