13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır

SİYASƏT
23:08 / 15.09.2022
1029

Post-müharibə dövründə Ermənistan tərəfinin kapitulyasiya aktına sadiq qalmayacağı onların tarixən bəlli olan mənfur xislətindən bilinirdi.

Lakin Vətən Müharibəsi zamanı dəmir yumruğumuzun endirdiyi zərbələrin onların gözlərini qorxudub yola gəlmələri ümidini yaradırdı. Ali Baş Komandan cənab İlham Əliyev hər çıxışında biz regionda müharibə, münaqişə tərəfdarı deyilik bunun qarşısını almaq isə Ermənistan tərəfinin razılaşmalara və onların şərtlərinə sadəcə əməl etməsindən asılıdır deyə qeyd edir. Öncələri daha yumşaq reaksiya göstərən cənab Prezident İlham Əliyev son dönəmlərdə ermənilərin revanşist davranışlarından dolayı nitqlərində daha sərt bəyanatlar verir və bizim yumruğumuzun hələ də havada olmasına istənilən vaxt düşmənin başını əzməyə hazır olmasına eyham vururdu.

Hər birimiz xəbərdarıq ki, son dönəmlərdə rəsmi İrəvan ağılasığmaz addımlar atır və öz revanşist düşüncəsilə erməni xalqını və erməni ordusunu bəlaya sürükləyir. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmək fikrində deyil.

Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Bu gün biz regionu daimi sülhün astasına gətirmişik. Tək mərhələ olaraq İrəvan siyasətinin iyrənc revanşizm xülyasında vaz keçirib, onları ədalətə boyun əyməyə vadar etməkdir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.

Bəlli idi ki, erməni xisləti heç vaxt rahat dayanmayacaq, daim sakitliyi pozmağa cəhd edəcək və sonra ermənipərəst  tərəfdaşlarının köməyi ilə Azərbaycanın şanlı zəfərinə kölgə salmağa çalışacaqdır. Biz bilirdik ki, Ermənistana güvənmək olmaz, lakin, sülhsevər bir ölkə olaraq artıq uçurumun eşiyində olan, yenilmiş bir ölkəyə aramıza qayıdıb ləyaqətli ömür sürmək üçün şans verdik. Amma gəl ki, "İtin başı xonçada durmur". 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır.

Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır.

Bəs gəlin görək 2020-ci ildə ağır zərbələr almış erməni xalqı ölkə rəhbərliyi ilə həmrəydirmi? Əlbəttə ki, xeyr. Mənfur siyasətin səhv qərarları ilə özlərinin olmayan torpaqlarda hərbi proseslərdə iştirak edən ermənilərin kütləvi şəkildə məhvi artıq xalqı verilən hər qanlı qərara görə üsyan etmək həddinə gətirib. Aydın şəkildə görünür ki, bizim yenidən ağır anlar yaşadığımız, şəhidlərimizin acılarını çəkdiyimiz günlərdə erməni xalqı da dövlətlərinin bu qanlı və səhv qərarlarından boğza yığılaraq küçələrə axışıb etiraz edirlər. Beləliklə, sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.

Bu gün Ermənistana "dəstək" verən mənfi qəhrəmanlar var. Onların istəyi zavallı Ermənistanı bir oyuncaq kimi siyasi meydanda qurban vermək bahasına regionumuzda daim xaosu bərqərar etməkdir.  Həqiqətəndə Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Çünki həmin qüvvələr bilirlər ki, Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanətidir. 13 sentyabr hadisələri də məhz bunun önünü kəsməyə hesablanıb. Biz isə xalq olaraq bilməliyik ki, təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır. Hələ bu ilin 27 iyun tarixində cənab Prezident Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.”

Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Əlbəttə hər şey daha sürətlə və daha tez baş verə bilər. İşğaldan azad olunmuş torpaqların bərpası sürətlənə bilər. Lakin, 13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”.

Mövcud istiqamətdəki planların ictimailəşdirilməsi yeni hərbi təxribatların səbəbi ola bilər. Bu cür hərbi təxribatların siyasi səbəbləri də gözardı edilməməli və dünya birliyi bu təxribatlara uymamamlıdır. Əldə etdiyimiz zəfərdən sonra dünyada böyük nüfuz əldə edən Azərbaycan artıq önəmli və dünyəvi məsələlərdə söz sahibi bir ölkəyə çevrilir. Bu hal isə mənfur qonşumuza və onun hiyləgər tərəfdaşlarına sərf etmir. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına hesablanıb. Biz isə öz rəhbərliyimizə, ədalətli siyasətimizə və etibarlı dostlarımıza inanırıq.

Cənab Prezident İlham Əliyevin təcrübəsi və ideologiyası ölkəmizi daim və hər yerdə müdafiə etmək iqtidarındadır. Sonda isə vətənimizin suverenliyi, azadlığı və ərazi bütövlüyünün bərpa edilməsi, onun qorunması yolunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ordumuza güc, qüvvət diləyirəm!

Əfqan Həsənov – Şirvan Gənclər Evinin direktoru

0