SİYASƏT
23:03 / 26.09.2022
570

27 Sentyabr – Milli qürur və Anım günü

27 sentyabr 2020-ci il tarixi Azərbaycanın zəngin və şanlı tarixinə xüsusi gün kimi həkk olundu. Düşmənin cəbhəboyu təxribatlarına qarşı Müzəffər Azərbaycan Ordusu tərəfindən cəbhənin bütün mövqelərində əks hücuma keçirildi. Bu əks hücum əvvəlkilərdən tamamilə fərqlənirdi, bu bizim 30 ilə yaxın böyük ümidlə gözlədiyimiz əməliyyatlar idi. 27 sentyabr tarixindən başlayan və 44 gün davam edən haqq savaşımız bizim həsrəti sonlandıracaqdı.

Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri, Xocalı, Laçın və Xocavənd rayonlarının bir hissəsi, yüzlərlə qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli Hadrut qəsəbəsi, Talış və Suqovuşan kəndlərini işğaldan azad etdi.

Düşmən Azərbaycana qarşı bütün sahələrdə acınacaqlı şəkildə məğlub oldu. İstər döyüş meydanında, istərsə də siyasi arenada Azərbaycan düşməni darmadağın etdi. Bütün meydanlarda məğlub olduğunu görən Ermənistan Baş naziri Nikol Paşinyan 9 noyabr tarixindən 10 noyabra keçən gecə məğlubiyyəti qəbul etdi, kapitulyasiyaya imza atmağa razı olduğunu bildirdi. 10 noyabr kapitulyasiya aktı ilə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Kapitulyasiya aktına əsasən, 2020-ci il dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonunun kəndləri Azərbaycana təhvil verildi, erməni silahlı qüvvələri həmin ərazilərdən tamamilə çıxarıldı.

44 günlük haqq savaşı itkilərsiz ötüşmədi. Müharibə zamanı 3000-ə yaxın zabit və əsgərlərimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə hərbçimiz qazi adını qazandı. O cümlədən 100-dən çox mülki vətəndaşımız raket-artilleriya hücumları nəticəsində dünyasını dəyişdi.

Dövlətimiz və xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

44 günlük savaşda Azərbaycan xalqı “dəmir yumruq” kimi Ali Baş Komandanının və Azərbaycan Ordusunun ətrafında birləşdi, onlara inandı və layiqli qələbə qazandı. 27 sentyabr Azərbaycan tarixinə həm milli qürur günü, həm də Anım günü kimi yazıldı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Rəşad Bayramov

“İctimai.az” İnformasiya portalının rəhbəri

Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nəsimi rayon təşkilatı ƏPT sədr müavini

0