Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?

SİYASƏT
16:00 / 27.07.2024
395

2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat xarakterli davranış sərgilənib.

Trend xəbər verir ki, Fransanın "France 2" telekanalında açılış mərasimində canlı yayım zamanı aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakteri daşıyan ifadələr səsləndirib.

Belə ki, erməni komandasının keçidi zamanı telekanalın aparıcılarından biri Ermənistana qarşı simpatiyasını gizlədə bilməyib: "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə".

Aparıcı həmçinin, Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib.

Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib. Bu da Azərbaycan ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub və haqlı narazılıqlar yaradıb.

Bunun ardınca isə, aparıcı Azərbaycan komandasının keçidi zamanı ölkəmizi "Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası" kimi təqdim edib. Bu isə aparıcının Ermənistan komandası ilə bağlı səsləndirdiyi fikirlərinə münasibətdə Azərbaycana qarşı mövqeyində kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib.

Fransa Olimpiya Oyunlarının tarixi və təməl prinsiplərini pozaraq, ondan Azərbaycana qarşı qərəzini ifadə etmək üçün vasitə olaraq istifadə etdi.

Azərbaycanda bu təxribat xarakterli davranışın yaratdığı narazılıq nəzərə alındığı zaman, Fransaya qarşı rəsmi cavab verilməsi gözlənilə bilər.
 

0