"Biz şəxsiyyətini pula satanlar haqqında söz deməkdən yorulduq“ - Fəzail Ağamalı

SİYASƏT
17:19 / 03.05.2020
1312

"Təəssüflər olsun ki, yaranmış situasiyadan istifadə edən Bakının Binəqədi bələdiyyəsi, Biləsuvar rayonunun icra başçısı və müavinləri, ayrı-ayrı rayonların kənd-qəsəbə icra nümayəndələri ciddi qanunsuzluqlara yol verməklə qazanc əldə etdilər. Digər tərəfdən Heydər Əliyev Fondunun və digər qurumların ehtiyacı olan aztəminatlı ailələrə göndərdikləri yardımı mənimsədilər. Artıq şərəf və ləyaqətini itirən bu tip məmurlara qarşı sərt tədbirlər həyata keçirilməkdədir. Bu gün hər bir məmur tutduğu vəzifədən asılı olmayaraq dövlətimizə və xalqımıza şərəflə xidmət etməyi bacarmalıdır. Biz şəxsiyyətini pula satanlar haqqında söz deməkdən yorulduq. Ancaq tamahını cilovlaya bilməyənlər qanunsuz əməllərdən usanmadılar".

Bunu deputat Fəzail Ağamalı ölkədə baş verən məmurların həbs olunması ilə bağlı hadisələrə münasibət bildirərkən deyib.

F.Ağamalı bu cür fəaliyyət göstərən məmurları ciddi tənqid edib: "Hələ də “Bir-iki nəfər tutuldu, mənə bir şey ola bilməz” prinsipi ilə yaşayanlar var. Bu tip məmurlar xalqa deyil, öz maraqlarına xidmət edir və varlanmağa çalışırlar. Təəssüf ki, onlar dövlətin atmış olduğu kəskin addımlardan nəticə çıxarmırlar. Bir daha xatırlatmaq istərdim ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ölkəmizdə ardıcıl və sistemli xarakter daşıyır. Şübhə yoxdur ki, qanunsuz əməllərindən nəticə çıxarmayanlar rahat kreslolarını həbsxana ilə əvəz etməli olacaqlar". 

0
Mənbə: Pravda.az