“Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri və verilən bəyanatlar Azərbaycan-Türkmənistan əməkdaşlığının yeni bir mərhələyə daxil olmasının göstəricisidir”.
Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, iki dost dövləti tarixi köklər, qardaşlıq və dostluq əlaqələri birləşdirir:
“Üstəlik, bu münasibətlər ildən-ilə genişlənməkdədir. Ölkə prezidentlərinin qarşılıqlı səfərləri, əldə olunmuş uğurlar iqtisadi, ticari, logistika, nəqliyyat və təhlükəsizlik kimi bir çox sahədə imzalanan sənədlər bir daha göstərir ki, bu dövlətlər bir-birinin inkişafı, qarşılıqlı əməkdaşlığı sahəsində mühüm addımlar atmaqdadırlar. Türkmənistan Prezidentinin bu dəfəki səfəri də bunun təzahürüdür”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda bu dostluq, əməkdaşlıq münasibətlərinə çox böyük önəm verib və Türkmənistanın ölkəmizə göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib:
“Ümumiyyətlə, Türkmənistanın dövlət rəhbərlərinin Bakıya, eləcə də işğaldan azad olunmuş ərazilərə səfərləri, orada erməni faşistlərinin törətdikləri hadisələrlə, dağıntılarla tanış olmaları və yenidənqurma işlərinə müəyyən köməklik göstərmək təşəbbüsləri növbəti dəfə iki qardaş dövlətin bir-birinə bağlı olduğunu, qarşılıqlı dəstək verdiyini göstərir. Bu səfər bir çox əlamətdar hadisələrlə zəngindir və ölkə rəhbərləri bunu öz bəyanatlarında qeyd ediblər.
Türkmənistan Prezidenti səmimi qəbula görə dövlətimizin başçısına öz minnətdarlığını bildirməklə bərabər Azərbaycanda baş verən yeniliklərə, inkişafa diqqəti cəlb edib və bu yüksəlişi yüksək qiymətləndirib. Sərdar Berdiməhəmmədovun Füzuliyə səfəri də mühüm məna kəsb edir. O, bu səfər zamanı erməni faşistlərinin törətdikləri cinayətləri, dağıdılmış şəhər və kəndlərinin simasında bir daha öz gözləri ilə gördü”.
Tahir Rzayev qeyd edib ki, Türkmənistan hər zaman ən mötəbər tədbirlərdə Azərbaycanın mövqeyindən çıxış edir:
“Çünki Azərbaycan və türkmən xalqları daim bir-birini dəstəkləyiblər. Türkmənistanla Azərbaycanın əməkdaşlığa yüksək qiymət verməsi, hər iki dövlətin milli maraqları baxımından çıxış edir və gələcək inkişafa hesablanıb. Bu, bilavasitə təhlükəsizliyə, xalqların, insanların əmin-amanlığına xidmət edir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu səfər Azərbaycan-Türkmənistan dostluğunun sarsılmaz olduğunu bir daha göstərdi:
“Çünki bizi milli maraqlar və milli dəyərlər birləşdirir. Bu əlaqələrin gündən-günə möhkəmlənməsi, mühüm sahələrdə əlaqələrin genişləndirilməsi dövlətlərin inkişafı və xalqların bir-birinə yaxınlaşması baxımından çox faydalıdır. Hesab edirəm ki, Türkmənistan Prezidentinin Azərbaycana səfəri uğurlu oldu. Sözsüz ki, bu səfərin nəticələri gələcək işlərdə, tədbirlərdə özünü bir daha aydın göstərəcək”.
Elmir Mustafa



