Prezidentdən Naxçıvanda mühüm MESAJLAR

SİYASƏT
11:52 / 12.08.2026
355

“Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə Naxçıvanın və bütövlükdə Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin siyasi, iqtisadi və strateji konturlarını müəyyənləşdirən mühüm mesajlar toplusudur”.

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O, Prezidentin Naxçıvana səfərinin əhəmiyyətindən danışıb:


“Dövlətimizin başçısının səfər zamanı təhlükəsizlikdən enerjiyə, nəqliyyatdan sənayeyə, tarixi-mədəni irsdən sosial siyasətə qədər çox geniş spektri əhatə edən məsələlərə toxunması göstərir ki, Naxçıvana münasibət artıq ayrı-ayrı layihələrin icrası çərçivəsindən çıxaraq vahid və uzunmüddətli inkişaf konsepsiyasına çevrilib. Cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir və hər səfər konkret nəticələrlə müşayiət olunur. 

Məncə, bu müsahibənin ən mühüm mesajlarından biri Naxçıvanın təhlükəsizliyinin artıq yeni reallıqlar əsasında təmin edilməsidir. Prezident açıq şəkildə bildirdi ki, illər ərzində Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet olub və bu istiqamətdə böyük işlər görülüb. Yeni komando qüvvələrinin yaradılması, müasir texnika ilə təchizat və Əlahiddə Ümumqoşun Ordunun potensialının artırılması Naxçıvanın təhlükəsizlik məsələsinin dövlət siyasətində nə qədər mühüm yer tutduğunu göstərir. Bu, xüsusilə əhəmiyyətlidir”.

Millət vəkili qeyd edib ki, Naxçıvanın coğrafi xüsusiyyəti, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması onun təhlükəsizlik məsələlərinə fərqli yanaşmanı zəruri edir:
“Prezidentin dediyi kimi, “bu, birinci şərtdir”. Yəni iqtisadi inkişafın, nəqliyyat layihələrinin, investisiyaların və sosial proqramların davamlılığı ilk növbədə etibarlı təhlükəsizlik mühitinə söykənir. Lakin səfərin mesajlarını yalnız təhlükəsizlik çərçivəsində qiymətləndirmək doğru olmaz. Naxçıvanın yeni inkişaf modelinin ikinci mühüm sütunu iqtisadi və enerji gücünün yaradılmasıdır. 

Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Parkın yaradılması ilə regionda yeni istehsal sahələrinin, iş yerlərinin və özəl investisiyaların formalaşması üçün daha geniş imkanlar açılır. Prezidentin müsahibədə vurğuladığı 300 meqavat gücündə istilik elektrik stansiyası isə bu layihənin yalnız sənaye deyil, həm də strateji enerji komponentinə malik olduğunu göstərir.

Dövlət başçısının hesablamasına görə, Naxçıvanın hazırkı təxminən 200 meqavatlıq generasiya gücünə daha 300 meqavat əlavə olunması mövcud gücü təxminən 1,5 dəfə artıracaq. Üstəlik, bu enerji yalnız daxili tələbat üçün deyil, gələcək ixrac üçün də nəzərdə tutulur”.

Elnarə Akimova vurğulayıb ki, burada çox mühüm bir dönüş nöqtəsi var: 
“Naxçıvan artıq yalnız enerji ilə təmin olunan ərazi kimi deyil, enerji istehsal edən və ixrac edə bilən regional mərkəz kimi nəzərdən keçirilir. Prezidentin “Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq” fikri bu yeni yanaşmanın ən yığcam ifadəsidir. Naxçıvanın günəş enerjisi potensialı da bu strategiyanın miqyasını göstərir. Prezidentin sözlərinə görə, aparılmış monitorinqlər Naxçıvanı Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycanın ən əlverişli məkanlarından biri kimi müəyyənləşdirib. 

Artıq 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Daha da diqqətçəkən məqam odur ki, dövlət başçısı Naxçıvanda günəş enerjisi istehsalının potensialını ən azı 500 meqavat, hətta 1000 meqavat səviyyəsində qiymətləndirib”.

Həmsöhbətimiz bildirib ki, bu rəqəmlər sadəcə enerji statistikasını ifadə etmir:
“Burada Azərbaycanın gələcək enerji diplomatiyasının konturları görünür. Naxçıvanın Türkiyə və İranla mövcud elektrik bağlantıları genişləndirilərsə, gələcəkdə Avropaya enerji ixracı üçün də imkan yarana bilər. Beləliklə, Naxçıvanın coğrafi mövqeyi enerji baxımından da üstünlüyə çevrilə bilər. Prezidentin müsahibəsində səslənən “Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək” fikri Azərbaycanın enerji strategiyasının artıq yalnız neft və qazla məhdudlaşmadığını nümayiş etdirir. 

Lakin məncə, səfərin ən böyük strateji mesajı nəqliyyat və kommunikasiyalarla bağlıdır. Çünki Naxçıvanın gələcəyini dəyişdirə biləcək əsas amillərdən biri Azərbaycanın əsas hissəsi ilə bu qədim diyar arasında yeni və etibarlı bağlantının yaradılmasıdır. Prezident İlham Əliyevin müsahibədə Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajlar göstərir ki, bu məsələ artıq yalnız siyasi niyyət deyil, konkret icra mərhələsinə keçmiş böyük regional layihə kimi təqdim olunur. Dövlət başçısı açıq bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması, bildiyiniz kimi, bizim təşəbbüsümüz olub və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək məqsədinə artıq yaxınlaşmışıq”.

Millət vəkili əlavə edib ki, daha mühüm məqam isə Prezidentin TRIPP layihəsi ilə bağlı açıqlamalarıdır:
“Onun sözlərinə görə, 2025-ci il 8 avqust Vaşinqton görüşündə məsələ öz həllini tapıb və TRIPP layihəsinin icrasına artıq start verilib. Prezident həmçinin avqustun 8-də ABŞ Prezidenti Donald Trampla söhbətində bu məsələnin müzakirə edildiyini və layihənin tezliklə həyata keçirilməsinə dair əminliyin ifadə olunduğunu bildirib. 

Azərbaycanın bu layihəyə yanaşmasında diqqətçəkən məqam ondan ibarətdir ki, Naxçıvan dəmir yolu sadəcə mövcud xəttin bərpası kimi düşünülmür. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən xəttin uzunluğu 194 kilometr olacaq və məqsəd yükdaşıma qabiliyyətini 15 milyon tona çatdırmaqdır. Prezidentin bildirdiyi kimi, Azərbaycan bu işi öz vəsaiti hesabına həyata keçirmək imkanına malikdir və vaxt itirmək niyyətində deyil. 

Möhtərəm Prezidentimiz bildirdi ki, ölkəmizin regional siyasətində çox mühüm bir prinsipin göstəricisidir: “Azərbaycan layihələrin reallaşmasını gözləyən tərəf deyil, onları öz resursları hesabına həyata keçirə bilən və tərəfdaşları prosesə cəlb edən dövlətdir”. Avropa İttifaqının Naxçıvan dəmir yolu seqmentinə maraq göstərməsi də layihənin beynəlxalq əhəmiyyətini artırır. Prezidentin açıqlamasına görə, beynəlxalq konsorsiumun yaradılması mümkündür, lakin nəzarət paketinin Azərbaycan dövlətinə məxsus olması əsas şərtdir”.

E. Akimova diqqətə çatdırıb ki, bu yolun strateji əhəmiyyəti isə yalnız Azərbaycan-Naxçıvan bağlantısı ilə bitmir:
“Naxçıvan gələcəkdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi mühüm mərkəzə çevrilə bilər.  15 milyon ton və daha artıq yükün bu istiqamətdən keçməsi Naxçıvanda yeni iqtisadi fəallıq, logistika, xidmət və məşğulluq imkanları yaradacaq. 

Bu baxımdan Naxçıvanın taleyində tarixi bir dönüşün astanasındayıq. Vaxtilə coğrafi təcrid amili ilə üzləşən Naxçıvan gələcəkdə məhz coğrafi mövqeyinin yaratdığı üstünlüklər hesabına regional nəqliyyat mərkəzinə çevrilə bilər. Bu, Azərbaycanın da geoiqtisadi çəkisini artıracaq. Çünki Azərbaycan Avrasiya marşrutlarının qurulduğu bir dövrdə tranzit xəritəsindən kənarda qala bilməyən ölkəyə çevrilib.

Müsahibənin digər mühüm istiqaməti Zəngəzur dəhlizinin yalnız avtomobil və dəmir yolu kimi nəzərdən keçirilməməsidir. Prezident burada daha geniş kommunikasiya sistemindən danışdı: fiber-optik kabel, elektrik xətləri, gələcəkdə zərurət yaranarsa enerji kəmərləri də bu sistemin tərkibinə daxil ola bilər. Bu isə Zəngəzur istiqamətinin əslində çoxşaxəli regional kommunikasiya dəhlizinə çevrilməsi deməkdir. 

Xüsusilə enerji dəhlizi ilə bağlı açıqlamalar diqqətəlayiqdir. Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi ilə Naxçıvana elektrik xəttinin çəkilməsi üçün layihənin hazır olduğu, Cəbrayılda böyük ötürücü yarımstansiyanın inşa edildiyi bildirildi. Beləliklə, gələcəkdə nəqliyyat dəhlizi ilə yanaşı, enerji və rəqəmsal bağlantıların da eyni coğrafiyada qurulması mümkündür. Bu, Cənubi Qafqazda qarşılıqlı asılılığı artıran və iqtisadi əməkdaşlığı siyasi sabitliyin mühüm dayağına çevirən yeni modeldir”.

Deputat söyləyib ki, Prezidentin Naxçıvanla Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyasında birləşdirilməsi ilə bağlı fikirlərini də çox önəmlidir:
“Dövlət başçısı bu üç bölgənin vahid konsepsiya əsasında inkişaf etməli olduğunu bildirdi. Bu, yalnız inzibati idarəetmə məsələsi deyil. Burada söhbət Azərbaycanın bir-birindən coğrafi baxımdan fərqli, lakin tarixi, iqtisadi və strateji baxımdan bir-birini tamamlayan ərazilərinin vahid inkişaf sisteminə daxil edilməsindən gedir. Naxçıvanın tarixi-mədəni irsinə münasibət də bu siyasətin mühüm mənəvi tərəfidir. Möminə xatun türbəsinin bərpası, Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması təsadüfi layihələr deyil. 

Prezidentin çox mühüm bir fikri var: “Bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır.” Bu fikir Naxçıvanın inkişaf modelinin yalnız iqtisadi göstəricilərlə ölçülmədiyini, milli yaddaşın qorunmasının da dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu göstərir. 

Naxçıvanın sosial inkişafı ilə bağlı verilən mesajlar da diqqətdən kənarda qalmamalıdır. DOST Mərkəzinin açılması, sosial evlərin yaradılması, yeni elektrik avtobuslarının istifadəyə verilməsi, rayonlararası nəqliyyatın yenilənməsi üçün 217 müasir avtobusun alınmasının nəzərdə tutulması, 420 kilometr müxtəlif kateqoriyalı yolun tikintisi və əsaslı təmiri planları bir məqsədə xidmət edir: Naxçıvanda iqtisadi inkişafla insanların gündəlik həyat keyfiyyəti arasında real bağlantı yaratmaq”.

Onun sözlərinə görə, Prezidentin səfərdə səsləndirdiyi ən mühüm siyasi-fəlsəfi mesajlardan biri də Naxçıvanın artıq keçmişdəki məhdudiyyətlərin içində deyil, gələcəyin imkanları üzərində qurulmasıdır:
“Təhlükəsizlik məsələsinin həllindən sonra enerji təhlükəsizliyinin təmin edilməsi, indi isə enerji ixracının gündəmə gəlməsi bunun ən bariz göstəricisidir. Eyni ardıcıllıq nəqliyyat sahəsində də görünür: əvvəl yol və dəmir yolu infrastrukturu qurulur, sonra bu infrastrukturlar regional və beynəlxalq dəhlizlərə inteqrasiya edilir.

Prezidentin “güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik” fikrini də məhz bu kontekstdə qiymətləndirirəm. Bu, Azərbaycanın yeni mərhələdə öz inkişaf gündəliyini müstəqil şəkildə müəyyənləşdirdiyini göstərən siyasi mesajdır. Eyni zamanda Azərbaycan əməkdaşlığa qapıları bağlamır: xarici investorların, beynəlxalq konsorsiumların, beynəlxalq təşkilatların iştirakı üçün imkan yaradır, lakin strateji nəzarətin ölkənin özündə qalmasını prinsipial məsələ kimi qoruyur. 

Nəticə etibarilə, mən bu səfərin əsas mahiyyətini belə ifadə edərdim: Naxçıvan Azərbaycanın yalnız xəritədə ayrılmaz parçası deyil, gələcək regional əməkdaşlığın, enerji təhlükəsizliyinin və Avrasiya nəqliyyat bağlantılarının mühüm mərkəzlərindən birinə çevrilir. Prezident İlham Əliyevin səfəri də bu gələcəyin artıq uzaq perspektiv olmadığını, onun üçün siyasi iradənin, maliyyə imkanlarının və konkret layihələrin mövcud olduğunu bir daha nümayiş etdirdi”.

Elmir Mustafa

0