Elektrikli avtomobillərin batareyalarının tez sıradan çıxması və dəyişdirilməsinin yüksək xərc tələb etməsi ilə bağlı narahatlıqlar son araşdırmaların nəticələri ilə aradan qalxır. Yayımlanan genişmiqyaslı məlumatlar yeni nəsil batareyaların benzin və dizel avtomobilləri ilə rəqabət aparacaq qədər uzunömürlü olduğunu göstərir.
HİT.az xəbər verir ki, elektrikli avtomobil almağı düşünənləri ən çox narahat edən sual nəhayət cavabını tapıb. İstifadəçiləri qorxudan batareyanın dəyişdirilməsi xərcləri və yürüş məsafəsinin azalması ilə bağlı narahatlıqlar son məlumatlardan sonra əvvəlki qədər əsaslı görünmür. "The Wall Street Journal"ın istinad etdiyi hesabata görə, yeni nəsil batareya paketləri mütəxəssislərin belə gözləmədiyi davamlılıq səviyyəsinə çatıb.
Sahə məlumatları və real istifadəçi təcrübələri bunu açıq şəkildə təsdiqləyir. Böyük Britaniyada ikinci əl elektrikli avtomobillərin alqı-satqısı ilə məşğul olan Riçard Saymons 397 min kilometrdən çox məsafə qət etmiş 5 yaşlı "Tesla Model 3" avtomobili ilə bir dəfə doldurmaqla hələ də 418 kilometr yol gedə bildiyini açıqlayıb.
"Recurrent" analitik şirkətinin paylaşdığı rəqəmlər də bu mənzərəni təsdiqləyir. Araşdırmalara görə, orta elektrikli avtomobil üç illik istifadədən sonra ilkin yürüş məsafəsinin 97 faizini, beş ilin sonunda isə təxminən 95 faizini qoruyur.
Hazırda 640 kilometrdən çox yürüş məsafəsi təklif edən SUV modelləri bazarda önə çıxır. Batareya elementlərinin aşınmasının qarşısını alan termal soyutma sistemləri isə batareyanın dəyişdirilməsi ehtiyacını demək olar ki, tamamilə aradan qaldırır.
London İqtisadiyyat Məktəbinin tədqiqatçısı Vyet Nquyen-Tien uğurun əsasını üç amillə – batareyanın kimyəvi tərkibi, termal idarəetmə və qabaqcıl proqram təminatı ilə əlaqələndirir.
Birmingem Universiteti ilə birgə aparılan araşdırma müasir elektrikli avtomobillərin orta hesabla 18,4 il istifadə müddətinə malik olduğunu ortaya qoyub. Bu göstərici 16,8 illik ömrə malik dizel avtomobillərini geridə qoyur və 18,7 illik istifadə müddətinə malik benzinli avtomobillərin göstəricisinə yaxınlaşır.
Üstəlik, sektor yalnız litium-ion texnologiyası ilə məhdudlaşmır. Çində bir istehsalçı bu ilin əvvəlində seriya şəklində istehsal olunan ilk natrium-ion batareyalı modeli təqdim edərək sektorda yeni mərhələnin əsasını qoyub.
Texniki sahədəki böyük irəliləyişlərə baxmayaraq, istehlakçıların yanaşması hələ eyni səviyyəyə çatmayıb.
Avtomobil sənayresi üzrə analiz şirkəti "Edmunds"un nümayəndəsi Cessika Kolduell alıcıların batareyalarla bağlı narahatlıqlarının davam etdiyini vurğulayıb. "AutoPacific" şirkətinin 2025-ci ildə apardığı araşdırma da batareyanın dəyişdirilməsi xərclərinin sürücüləri elektrikli avtomobillərdən uzaqlaşdıran əsas amillərdən biri olduğunu təsdiqləyir.
Zəmanət müddəti bitdikdən sonra batareyanın dəyişdirilməsi üçün 5-16 min dollar arasında xərc tələb oluna bilər. İlk baxışdan bu məbləğ yüksək görünsə də, "Recurrent"ın məlumatları batareya nasazlıqlarının nə qədər nadir olduğunu göstərir.
2022-ci ildən sonra istehsal edilən avtomobillərin cəmi 0,3 faizində batareyanın dəyişdirilməsinə ehtiyac yaranıb. 2017-2021-ci illər arasında istehsal olunan modellərdə bu göstərici təxminən 2 faiz təşkil edib.
Hətta ilk nəsil hesab olunan 2011-2016-cı illər arasında istehsal edilmiş elektrikli avtomobillərdə belə batareya dəyişdirilməsi göstəricisi 8,5 faizdən yüksək olmayıb.
Samir


