60 yaşdan yuxarı şəxslər niyə boşanır?

SOSİAL
12:53 / 11.08.2026
149

Azərbaycanda son illər boşanma göstəricilərində nəzərəçarpacaq artım müşahidə olunur. 

Dövlət Statistika Komitəsinin rəqəmləri göstərir ki, 2021-ci ildə qeydə alınan 17 191 boşanma 2025-ci ildə 20 675-ə yüksəlib. Diqqətçəkən məqamlardan biri isə nikahın uzun illər davam etdiyi ailələrdə də ayrılıqların çoxalmasıdır. Xüsusilə 60 yaş və daha yuxarı şəxslər arasında boşanma hallarının artması bu tendensiyanı daha da diqqətçəkən edir.

Statistikaya əsasən, sözügedən yaş qrupunda boşanan kişilərin sayı 2021-ci ildə 563 nəfər olduğu halda, 2025-ci ildə 838 nəfərə çatıb. Qadınlar arasında isə eyni göstərici 293 nəfərdən 431 nəfərədək yüksəlib. 

Maraqlıdır, 60 yaşdan sonra cütlükləri illərlə davam edən nikahı bitirmək qərarına gətirən əsas amillər hansılardır?

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, 60 yaşdan sonra baş verən boşanmaları yalnız “gec yaşda ailə qurmaq istəyi” və ya “xarakter uyğunsuzluğu” ilə izah etmək kifayət deyil:

406895

“Bu yaş dövründə insanın həyata baxışı, ailədən gözləntiləri və şəxsi prioritetləri ciddi şəkildə dəyişə bilər. Uzun illər davam edən münasibət də əvvəlki funksiyasını itirdikdə, tərəflər nikahı davam etdirməkdənsə, həyatlarının qalan hissəsini fərqli şəkildə qurmağa qərar verə bilərlər. 

Bəzən insanlar gənc yaşlarında ailədə yaranan problemləri uşaqların gələcəyi, maddi asılılıq, cəmiyyətin münasibəti və “ailəni qorumaq” düşüncəsi ilə uzun müddət görməzdən gəlirlər. Uşaqlar böyüyüb müstəqil həyata başladıqdan sonra isə cütlüyü bir yerdə saxlayan əsas bağlardan biri zəifləyir. Belə vəziyyətdə illərlə təxirə salınmış narazılıqlar daha aydın görünməyə başlayır”.

Onun sözlərinə görə, digər mühüm məqam insanın öz həyatını yenidən qiymətləndirməsidir:

“60 yaşdan sonra insan “bundan sonrakı illərimi necə yaşamaq istəyirəm?” sualını əvvəlkindən daha ciddi şəkildə düşünməsi mümkündür. Əgər cavab mövcud münasibətlə uyğun gəlmirsə, illərlə davam edən nikah belə əvvəlki qədər toxunulmaz görünməyə bilər. Bu yaşda tərəflərin bir-birinə olan ehtiyacının dəyişməsi də münasibətlərə təsir göstərən faktorlar sırasındadır.

Məsələn, uzun illər ərzində həyatın əsas məqsədi uşaqların böyüdülməsi, ev təsərrüfatının idarə olunması və maddi təminat olubsa, həmin məsuliyyətlər azaldıqdan sonra cütlük ilk dəfə münasibətinin özünü qiymətləndirməyə başlayır. O zaman “biz ər-arvad kimi bir-birimizə nə veririk?” sualı ortaya çıxa bilər”.

Ekspert əlavə edib ki, bəzi ailələrdə isə problem məhz uzun illər ərzində yığılan incikliklərin üzə çıxması olur:

“Gənclikdə bağışlanan və ya üstü örtülən davranışlar yaş artdıqca daha ağır qəbul edilə bilər. İnsan əvvəlki kimi kompromis etməyə həvəs göstərməməyə və “belə də keçinək” yanaşmasını qəbul etməməyə başlayır. Pensiyaya çıxmaq və gündəlik həyat ritminin dəyişməsi də münasibətlərin dinamikasını tamamilə dəyişə bilər. Əvvəllər günün böyük hissəsini işdə keçirən iki insan birdən-birə daha çox vaxtı birlikdə keçirməyə başlayır. Bu zaman onların əslində nə qədər fərqli həyat tərzinə və gözləntilərə malik olduğu üzə çıxır”.

Günel Cəlilova

0