“Bu gün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında logistik mərkəzlərin yaradılması, nəqliyyat və telekommunikasiya sahəsində əməkdaşlıq sürətli böyümənin əsas amillərindən sayılır”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzən bu sahədə həyata keçirilən layihələr həm iqtisadi, həm də siyasi əhəmiyyətə malik olur:
“Bu baxımdan, Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda həyata keçirilməsi nəzərdə tutulan ən mühüm nəqliyyat və logistika layihələrindən biridir. Bu dəhlizin açılması Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, region ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına da yeni imkanlar yaradacaq. Layihə yalnız regional deyil, həm də beynəlxalq əhəmiyyət daşıdığı üçün dünyanın bir çox dövlətləri tərəfindən diqqətlə izlənilir.
Belə ki, dəhliz Afrika ölkələri, Ərəb Liqası ölkələri ilə mal dövriyyəsinin artmasında əhəmiyyətli çəkiyə malik olacaq. Azərbaycan yeni bazarlara çıxış əldə edəcək, nəqliyyat əlaqələri sürətlə genişlənəcək. Dəhliz vasitəsilə yük və sərnişin daşımaları daha sürətli və səmərəli həyata keçiriləcək. Bu isə ticarət dövriyyəsinin artmasına səbəb olacaq”.
Ekspert qeyd edib ki, Azərbaycanın tranzit ölkə kimi mövqeyi daha da güclənəcək və ölkə beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevriləcək:
“Bu layihənin iqtisadi əhəmiyyəti olduqca böyükdür. Yeni dəmir yolu və avtomobil yollarının istifadəyə verilməsi investisiyaların artmasına, yeni iş yerlərinin yaradılmasına və regionda iqtisadi fəallığın yüksəlməsinə şərait yaradacaq. Sahibkarlar üçün yeni bazarlara çıxış imkanları genişlənəcək, ixrac və idxal əməliyyatlarının xərcləri azalacaq.
Zəngəzur dəhlizi Türk dünyasının inteqrasiyası baxımından da mühüm rol oynayacaq. Azərbaycan ilə Türkiyə arasında quru əlaqəsinin daha rahat qurulması Orta Asiya ölkələri ilə əməkdaşlığın genişlənməsinə, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə töhfə verəcək. Bu marşrut Avropa ilə Asiyanı birləşdirən beynəlxalq nəqliyyat şəbəkəsinin mühüm hissəsinə çevrilə bilər”.
Həmsöhbətimiz vurğulayıb ki, dəhlizin açılması regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə də müsbət təsir göstərəcək:
“Zəngəzur dəhlizi həm də iqtisadi əlaqələrin inkişafı ölkələr arasında qarşılıqlı asılılığı artıraraq uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Eyni zamanda, nəqliyyat və logistika sahəsində əməkdaşlıq həm region xalqları, həm də beynəlxalq tərəfdaşlar üçün faydalı nəticələr verə bilər.
Yəni Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz, Türk dünyası və Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyan layihədir. Onun reallaşması beynəlxalq ticarətin inkişafına, nəqliyyat marşrutlarının şaxələndirilməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regionun geosiyasi əhəmiyyətinin artmasına mühüm töhfə verəcək”.
Elmir Mustafa



