Çimərliklər yay aylarında insanların ən çox üz tutduğu məkanlardan birinə çevrilir.
Kimisi ailəsi ilə bir neçə saatlıq istirahətə gəlir, kimisi dostları ilə süfrə açır, kimisi isə gününü dənizin kənarında keçirməyə çalışır. Lakin gün başa çatdıqdan sonra bəzi sahillərdə ortaya çıxan mənzərə istirahətdən çox məsuliyyətsizliyin izlərini xatırladır.
Masaların üzərində yarımçıq qalmış yeməklər, yerə səpələnmiş tum qabıqları, boş şirə və su qabları, plastik stəkanlar, salfetlər, qarpızın qabıqları... İnsanlar bir neçə saat əvvəl təmiz olan sahili tərk edərkən sanki özlərindən sonra nə baş verdiyini düşünmürlər.
Daha qəribəsi isə odur ki, bəzi insanlar çimərliyə yalnız dənizdən və günəşdən zövq almağa deyil, istifadə etdikləri məkanı olduğu kimi buraxmağa gəlirlər. Süfrə açılır, yemək yeyilir, içkilər içilir, sonra hər şey olduğu yerdə qalır və insanlar çıxıb gedirlər.
Onu da nəzərə almaq lazımdır ki, sahildə qalan hər tullantı sadəcə görüntünü korlamır. Külək onları başqa ərazilərə daşıya, yağış və su axını vasitəsilə dənizə çatdıra bilər.
Beləliklə, insanın bir neçə saniyə ərzində etdiyi məsuliyyətsiz hərəkətin nəticəsi daha böyük ətraf mühit probleminə çevrilə bilər. Çimərlikdə qalan tullantılar külək və su vasitəsilə dənizə də gedə bilər. Plastik və digər tullantılar sahil ekosisteminə, dəniz canlılarına və ümumilikdə ətraf mühitə zərər verə bilər.
Nəzərə almaq lazımdır ki, dəniz heç kimin şəxsi zibil qutusu deyil. Sahil də heç kimin özündən sonra tullantı qoyub getməsi üçün istifadə etdiyi məkan olmamalıdır.
Günel Cəlilova

