ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyədə ABŞ Məxfi Xidmətinin göstərişi ilə təyyarəsini gizli şəkildə dəyişdirdiyini təsdiqləyib. Bununla yanaşı, o, NATO sammitindən sonra geri qayıtdığı digər təyyarənin prezident təyyarəsi “Air Force One”dan daha çox təhlükəyə məruz qaldığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Daha əvvəl mediada ABŞ prezidentinin iyul ayında Ankarada keçirilən NATO sammiti başa çatdıqdan sonra sui-qəsd təhlükəsi səbəbindən “Air Force One”dan hərbi təyyarəyə keçirildiyi barədə məlumat yayılmışdı. Əməliyyatın gizli saxlanılması və diqqəti yayındırmaq üçün yemək xidməti furqonundan istifadə olunmuşdu.
Bununla yanaşı, bəzi şərhçilər bu əməliyyatın Trampın guya içərisində olduğu təyyarədə onunla birlikdə səyahət edən köməkçiləri və jurnalistləri təhlükəyə atdığını düşünürlər.
“Mən hesab edirəm ki, əslində uçduğum təyyarə daha böyük risk altında idi”, deyə Tramp vurğulayıb.
Onun fikrincə, məhz ikinci təyyarə “daha böyük risk” altında olub, çünki “çox güman ki, onlar onu təqib edərdilər”.
Trampın sözlərinə görə, o, prezidentin təhlükəsizliyinə cavabdeh olan ABŞ Məxfi Xidmətinin, eləcə də hərbçilərin göstərişlərini rəhbər tutub.
“Düşünürəm ki, təhlükə mövcud idi. Əslində bu barədə çox sual vermədim. Mənə çoxlu təhdidlər gəlir”, deyə Tramp bildirib.
“The Washington Post”un məlumatına görə, Tramp iyul ayında NATO sammitindən sonra Türkiyəni sui-qəsd təhlükəsindən yayınmaq məqsədilə protokola uyğun deyil, diqqətlə planlaşdırılmış gizli əməliyyat çərçivəsində tərk edib.
Ankarada Tramp kameralar qarşısında köhnə “Air Force One” təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra o, gizli şəkildə daha kiçik “C-32A” ABŞ Hərbi Hava Qüvvələri təyyarəsinə keçirilib.
Bunun üçün hava limanının iaşə xidmətinə məxsus, uçuşdan əvvəl təyyarəyə qida və ləvazimat çatdırmaq üçün istifadə olunan yük maşınından yararlanılıb.
Yük maşını hidravlik sistem vasitəsilə təyyarənin göyərtəsinə qədər qaldırılıb və “Air Force One”a girişin əks tərəfindəki qapının qarşısında yerləşdirilib.
Samir


