Avropa Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir

SİYASƏT
10:57 / 13.11.2026
180

Avropanın siyasi gündəmində mühüm yer tutan “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı regional və beynəlxalq əməkdaşlıq baxımından diqqət çəkir. 

Toplantı Avropa ölkələri arasında siyasi dialoqun genişləndirilməsi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformadır. Azərbaycanın bu tədbirdə iştirakı da ölkənin beynəlxalq münasibətlər sistemindəki mövqeyi və Avropa ilə əlaqələri baxımından əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyev Dublin şəhərində keçirilən sammitdə çox sayda liderlə görüşlər keçirdi. 

Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında bildirib ki, Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında Azərbaycanın iştirakı ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinin göstəricisidir: 

415831

“Azərbaycanın bu birlikdə iştirakı, eləcə də 2028-ci ildə zirvə toplantısının ölkəmizdə keçirilməsi ilə bağlı qərar Avropa dövlətlərinin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Burada söhbət Azərbaycanın müstəqilliyinə xələl gətirmədən, Avropa ilə bərabərhüquqlu tərəflər kimi əməkdaşlığından gedir. Avropa Siyasi Birliyinin toplantısında Prezident İlham Əliyevin iştirakı və qurum çərçivəsində əməkdaşlıq bu münasibətlərin daha da inkişaf etdiyini təsdiqləyir”.

Ekspert qeyd edib ki, sammit çərçivəsində keçirilən ikitərəfli görüşlər və imzalanan sənədlər də Azərbaycanın beynəlxalq tərəfdaş kimi əhəmiyyətini göstərir: 

“Azərbaycan Prezidentinin Birləşmiş Krallığın baş naziri ilə strateji tərəfdaşlıq haqqında razılaşma imzalaması Avropanın aparıcı dövlətlərindən biri ilə münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Eyni zamanda, sammitdə müxtəlif ölkələrin rəhbərlərinin Prezident İlham Əliyevə göstərdiyi diqqət, onunla keçirdikləri görüşlər və apardıqları müzakirələr Azərbaycana olan marağın göstəricisidir. Bütün bunlar ölkəmizin beynəlxalq müstəvidə artan rolundan xəbər verir”.

Sevinc

0